Cahangir Hacıyevin məhkəməsində vəkillər çıxış edib
Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.
3 Oktyabr 2016 18:44 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.
APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə C. Hacıyevin vəkilləri çıxış edib.
Vəkil Fəxrəddin Mehdiyev bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı irəli sürülən ittiham qanunsuzdur: "Məsələyə Cinayət Məcəlləsinin tələbləri baxımından yanaşsaq, görərik ki, bu, mülki xarakterli işdir və mülki icraatda baxılmalıdır. Ona görə də bu cinayət işinə bəraətverici əsaslarla xitam verilməlidir. Bu iş üzrə ibtidai istintaq və məhkəmə istintaqı qərəzli aparılıb. Cinayət işi Emil Mustafayevin ərizəsi əsasında başlayıb. Təsəvvür edin ki, mülki xarakterli məsələ Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırılır. Cahangir Hacıyev qanunsuz olaraq 38 gün idarədə saxlanılıb. Vəkil Aqil Layıcovun məhkəməyə müraciətindən sonra istintaq təcridxanasına köçürülüb. Onun barəsində heç bir sübut olmadan həbs qətimkan tədbiri seçilib".
Vəkil qeyd edib ki, verilən kreditlərin hara xərcləndiyi məhkəmə tərəfindən obyektiv araşdırılmayıb: "Bu məsələ araşdırılmalıydı və ondan sonra bilinməliydi ki, nə mənimsənilib. Filal müdirlərini gətirib, onlara ittiham veriblər, amma kredit müqavilələrini imzalayan şəxsləri şahid kimi dindirirlər. Kreditlər layihələrə yönəldilib. Kreditlərin ayrıldığı daxili layihələrə Dünyamin Xəlilov, xarici layihələrə isə Xaqani Bəşirov rəhbərlik edib. Biz istintaqda onların dindirilməsini tələb etdik və bizə dedilər ki, Xaqani Bəşirov Fransa vətəndaşı olduğundan dindirmək qeyri-mümkündür. Cahangir Hacıyevə vəzifə saxtakarlığı ittihamı verilib. Hansı kağızları saxtalaşdırıb Cahangir Hacıyev? Bu, hələ də məlum deyil".
Vəkil çıxışında məhkəməyə təqdim olunan vəsatətlərdən heç birini təmin edilmədiyini, məhkəmə istintaqının natamam aparıldığını vurğulayıb. O, prokurorun təqsirləndirilən şəxslərə fantastik cəza istədiyini söyləyib, bunun reallığa uyğun olmadığını deyib.
C. Hacıyevin digər vəkili A. Layicov da çıxış edərək hüquqlarını müdafiə etdiyi şəxsin günahsız olduğunu iddia edib: "Dəymiş ziyanla bağlı gündə bir rəqəm açıqlanır. Dəfələrlə bəzi şəxslərin dindirilməsi haqında vəsatət qaldırmışıq, amma təmin olunmayıb. Necə olur ki, istintaqçılar burada qrup yaradıb Zamirə Hacıyevanın arxasınca gedirlər, amma Xaqani Bəşirovu istintaqa cəlb edə bilmirsiniz?"
Vəkil məhkəmədən Cahangir Hacıyevə bəraət verilməsini xahiş edib.
Digər təqsirləndirilən şəxslərin vəkilləri də çıxış edərək, hüquqlarını müdafiə etdikləri şəxslərin günahsız olduğunu və onlara bəraət verilməsini istəyiblər.
Proses oktyabrın 5-də davam etdiriləcək.