Bakıda qətl törətməkdə və quldurluq etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayır

Bakıda qətl törətməkdə və quldurluq etməkdə təqsirləndirilən şəxslərin cinayət işinin ibtidai istintaqı başa çatıb.

Bakıda qətl törətməkdə və quldurluq etməkdə təqsirləndirilən şəxslərin cinayət işinin ibtidai istintaqı başa çatıb.

"Report"un məlumatına görə, Bakı şəhər sakinləri 1998-ci il təvəllüdlü Qulu Abdullayev və 1999-cu il təvəllüdlü Kamran Cəfərzadənin cinayət işinin ibtidai istintaqı Sabunçu Rayon Prokurorluğunda araşdırılaraq baxılması üçün məhkəməyə göndərilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək hazırlıq iclası sentyabrın 5-nə təyin edilib. İşə hakim İradə Həsənzadənin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayının 3-də Ramana qəsəbəsi Şuşa şəhərciyində baş verib. Həmin qəsəbədə yaşayan Aynur Teymurovaya evində bıçaq xəsarətləri yetirilib. Hadisədən sonra A.Teymurova dünyasını dəyişib.

Sabunçu Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi və 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ramana qəsəbə sakinləri - 1998-ci il təvəllüdlü Q.Abdullayev və 1999-cu il təvəllüdlü K.Cəfərzadə tutulub.

Q.Abdullayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və K.Cəfərzadə isə 181-ci (quldurluq) maddəsi ilə ittiham olunurlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31