Taleh Bağırov və digərlərinin məhkəməsi davam etdirilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
26 Avqust 2016 13:47 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Məlumata görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Abbas Hüseynov hakimdən Bakı ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə şikayət yazdığını bildirib.
Hakim şikayəti aidiyyəti üzrə çatdıracaqlarını deyib.
Daha sonra vəkillər təqsirləndirilən şəxslərin saxlanılandan sonra işgəncə verilməsi ilə haqqında tibbi ekspertizanın keçirilməsi, Şamil Abduləliyevin vəkili Zibeydə Sadıqova isə onun bədənində olan güllələrin çıxarılması barədə vəsatət qaldırıb.
Prokuror Nəsib Bayramov isə bildirib ki, vəsatətlər əsassız olduğundan təmin edilməməlidir.
Məhkəmə vəsatətləri təmin edib.
İclasda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Elçin Tağıyev sualları cavablandırıb. Vəkil Elçin Sadıqov ondan soruşub ki, bütün polislər zirehli gödəkcə geyinmişdilərsə, ölən polislərdən birinin qarnına güllə necə dəyib? Şahid özünün gödəkcə geyindiyini, digərlərindən isə xəbəri olmadığını deyib.
Vəkil Yalçın İmanov ondan polislərdə qumbara olub-olmamasını soruşub. Şahid polislərdə qumbara olmadığını deyib. Proses günün ikinci yarısında davam edəcək.
Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.
AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.