Həbsxanada ölən vəzifəli şəxslə bağlı araşdırma aparılır

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində 9 mərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun (iyulun 13-də həbsxanada dünyasını dəyişib) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində 9 mərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun (iyulun 13-də həbsxanada dünyasını dəyişib) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Virtualaz.org saytının məlumatına görə, prosesə hakim Eldar İsmayılov sədrlik edib.

Hakim bildirib ki, iyulun 13-də dünyasını dəyişən Nüsrət Muxtarovun hüquqi varisi müəyyən edilməlidir: "Məhkəmə Tibbi Ekspertizası təyin edilməlidir. Bundan sonra Nüsrət Muxtarovun hüquqi varisi təyin olunmalıdır. Onun cinayət işinin davam etdirilib-etdirilməməsinə rəyi öyrənilməlidir".

N.Muxtarovun vəkili bildirib ki, onun oğlu hüquqi varis olmaq istəyir, lakin o əsgərliyə gedəcəyi üçün məhkəmədə iştirak edə bilməyəcəyini söyləyib.

Prosesdə N.Muxtarovun qardaşı Elşən Muxtarov da iştirak edib. O, hüquqi varis kimi tanınmasını istəyib.

Məhkəmə prosesi iyulun 26-na kimi təxirə salınıb.

Qeyd edək ki, hadisə ötən il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 16 saylı ünvanda baş verib. Həmin ünvanda TNH şirkəti tərəfindən fasadında "poliuretan" materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb.

Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə aparılan baxış, axtarış, götürmə və s. istintaq hərəkətləri ilə TNH şirkətinin fəaliyyətinə, istehsal etdiyi "poliuretan" məmulatının keyfiyyət və istehsal texnologiyasına dair zəruri materiallar, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər sənədlər müvafiq qaydada maddi sübut kimi götürülüb.

Ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə yanğın təhlükəsizliyi qaydalarını kobud surətdə pozaraq, Xətai rayonu ərazisində yerləşən - qeyd edilən yaşayış binasına və bina sakinlərinə külli miqdarda maddi ziyan vurulmasına səbəb olan əməllərinə görə "TNH" şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək, barələrində Nəsimi Rayon Məhkəməsinin qərarları ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonradan həbs-qətimkan tədbirinin müddəti artırılıb.

Məlumat üçün bildirək ki, əvvəlki məhkəmə proseslərində çıxış edən təqsirləndirilən şəxslər özlərini təqsirli bilmədiklərini deyiblər.

F.Sadıqov TNH şirkətinin rəhbəri olmadığını, özünün "Astoriya" MMC adlı tikinti şirkətinə rəhbərlik etdiyini və Bakıda bina tikintisi ilə məşğul olduğunu deyib. O, şirkətin rəhbəri olan Məmməd Vəliyevin Azərbaycanı tərk etdiyini söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31