"Şadlıq sarayında partlayış olacaq" dedi və... 5 il cəza aldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluqla bağlı yalan məlumat verməkdə təqsirləndirilən Samir Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Mirzə Xankişiyev sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, Samir Süleymanov 5 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən ilin dekabr ayında özünü Süleymanov Samir adı ilə təqdim etmiş şəxs FHN-in "112" xidmətinə zəng edərək Xaçmaz rayonunda yerləşən "Almas" şadlıq sarayında və rayonun istənilən yerində partlayış olacağını bildirib. Dərhal müvafiq əməliyyat tədbirləri həyata keçirilib, lakin məlumat təsdiqini tapmayıb.

Zəngin Xaçmaz şəhər sakini, 53 yaşlı Şamil Süleymanov tərəfindən edilməsi müəyyənləşdirilib. Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Süleymanov tutulub. O, ilkin ifadəsində restorandan çox səs gəldiyini, bundan bezdiyini, ona görə bu cür hərəkət etdiyini deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31