İrandan Azərbaycana narkotik daşıyan dəstəyə 50 il həbs cəzası verildi
7 Mart 2016 15:38 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İrandan qaçaqmalçılıq yolu ilə narkotik vasitələri və qanunsuz olaraq odlu silahın daşınmasında təqsirləndirilən Mehdiyev Aftandil Ağadadaş oğlu, Mehdiyev Zaur Ağadadaş oğlu, Mirzəyev Rauf Nicat oğlu və Həsənov Namiq Məmməd oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Z.Mehdiyevlə A.Mehdiyevin hər birinə 13 il, N.Həsənovla R.Mirzəyevə isə hər birinə 12 il müddətinə olmaqla azadlıqdan məhrumetmə cəzası verilib.
İttihama görə, 2014-cü ildə hazırda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının əldə edilməsində, saxlanılması, daşınması və gəzdirilməsində, habelə İrandan qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək Azərbaycanın ərazisinə narkotik vasitələrin daşınması hüquqazidd əməllərinin törədilməsində şübhəli bilinən bir qrup şəxs saxlanılıb.
Əməliyyat zamanı Azərbaycan vətəndaşları - Mehdiyev Aftandil Ağadadaş oğlu, Mehdiyev Zaur Ağadadaş oğlu, Mirzəyev Rauf Nicat oğlu və Həsənov Namiq Məmməd oğlu cinayət başında yaxalanıblar. Onların yaşadığı mənzillərə və üzərlərinə keçirilmiş baxış nəticəsində 2 ədəd "Makarov" tipli tapança, 33 ədəd patron, 2 ədəd tapança sandıqçası, 1 ədəd "Naqan" tipli revolver tapança və ona aid 5 ədəd patron, habelə 2 kiloqram 500 qramdan artıq qızıl məmulatları və 641 qramdan artıq gümüş və digər qiymətli metallardan hazırlanmış zinət əşyaları, külli miqdarda narkotik vasitələr - heroin, tiryək, qurudulmuş marixuana və psixotrop maddə olan diazepam aşkar edilərək götürülüb.
Bütün faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb. Mehdiyev Aftandil Ağadadaş oğlu, Mehdiyev Zaur Ağadadaş oğlu, Mirzəyev Rauf Nicat oğlu və Həsənov Namiq Məmməd oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.