Milli Məclisin qarşısında ana və qızını vuran sürücü barədə cinayət işi açılıb
29 Fevral 2016 14:15 KriminalBakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu ölümə səbəb olan qəza ilə bağlı birgə məlumat yayıblar. Birgə məlumatda qeyd edilib ki, fevralın 27-də saat 16:30 radələrində Sumqayıt şəhər sakini Orxan Novruzov idarə etdiyi "Daewoo" markalı, 10 TC 493 dövlət qeydiyyat nişanlı avtobusla paytaxtın Parlament prospektində hərəkətdə olarkən piyadalar - Bakı şəhər sakini, 1980-cı il təvəllüdlü Səadət Hüseynova və onun 2000-ci il təvəllüdlü qızı Nuranə Hüseynovanı vurub. Hadisə nəticəsində S.Hüseynova aldığı xəsarətlərdən Kliniki Tibbi Mərkəzdə vəfat edib, N.Hüseynovanın müalicəsi isə davam etdirilir. Faktla bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.Aparılmış istintaqla yol nəqliyyat hadisəsinin O.Novruzov tərəfindən törədilməsinə əsaslı şübhələr olduğundan, o, tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.