Vergi işçilərinin etik davranış məsələləri diqqətdə saxlanılır
27 Dekabr 2013 17:04 İqtisadiyyatVergilər Nazirliyi öz əməkdaşlarının etik davranış qaydalarına əməl etmələrinə, vergi ödəyicilərinin və vətəndaşların bu məsələ ilə bağlı müraciətlərinin araşdırılmasına xüsusi diqqət yetirir. 2013-cü il ərzində Vergilər Nazirliyinə vətəndaşlardan "Vergi işçisinin etik davranış kodeksi"nin tələblərinin pozulması ilə əlaqədar 55 şikayət daxil olmuşdur.
"Vergi işçisinin etik davranış kodeksi"nin tələblərinin pozulması ilə bağlı 17 əməkdaşın vergi orqanlarında xidmətlərinə xitam verilmiş, 4 əməkdaş aşağı vəzifəyə keçirilmiş, 4 nəfərin xüsusi rütbəsi bir pillə aşağı salınmış, 22 nəfərə şiddətli töhmət, 47 nəfərə töhmət verilmiş, 7 əməkdaşa xəbərdarlıq elan edilmişdir.
2013-cü il ərzində etik davranış məsələləri ilə bağlı maarifləndirmə işlərinin gücləndirilməsinə diqqət artırılmış, Vergilər Nazirliyinin Tədris Mərkəzində keçirilən ilkin hazırlıq və ixtisasartırma kurslarının tədris proqramına "Vergi ödəyiciləri ilə qarşılıqlı münasibətlərdə işgüzar ünsiyyət etikası və Vergi işçisinin etik davranış kodeksi" mövzusu əlavə edilmişdir.