Yanacağın bahalaşması bazara ciddi təsir göstərib
Qiymətlər qalxıb, alıcılıq qabiliyyəti aşağı düşüb
24 Dekabr 2013 14:30 İqtisadiyyatYanacağın bahalaşması ilə əlaqədar istehlak bazarında ciddi qiymət artımı baş verib. Belə ki, ölkənin əksər ticarət şəbəkələrində qiymətlərin artması müşahidə olunur. Baş verən bahalaşma demək olar ki, bütün növ məhsullar üzrə qeydə alınmaqdadır. Yeni il ərəfəsi qiymətlərdə nəzərəçarpacaq dərəcədə baş verən artım hələ də davam etməkdədir. Bahalaşmasının iqtisadi əsaslarının açıqlanmaması və nəzarət orqanlarının fəaliyyətsizliyi nəticəsində qiymət artımı demək olar ki, bütün növ məhsullara sirayət edib. Vəziyyət o həddə çatıb ki, hətta insanların gündəlik istehlak etdiyi çörək, qənd və çay kimi məhsulların qiymətlərində yüksəliş qeydə alınıb. Bu artım rəsmi səviyyədə də təsdiqini tapmaqdadır. Belə ki, Dövlət Statistika Komitəsinin açıqlamasına görə, istehlak mallarının qiymətləri və xidmət tarifləri noyabr ayında oktyabr ayı ilə müqayisədə 0.7 faiz, on bir ay ərzində keçən ilin müvafiq dövrünə nisbətən isə 2.3 faiz bahalaşıb. Oktyabr ayına nisbətən noyabr ayında ərzaq məhsullarının qiymətləri 1.4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0.1 faiz, xidmət tarifləri 0.1 bahalaşıb. Noyabr ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,5 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 0,3 faiz, çox illik bitkilərin istehsalçı qiymətləri 0,7 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,6 faiz bahalaşıb. Xüsusilə kənd təsərrüfatı məhsullarının qiymətində artım müşahidə olunması insanların haqlı narahatçılığına səbəb olub. İndi bazarlarda pomidor təxminən 1 manat 50 qəp, xiyar 2 manat 50 qəp, kartof 1 manat 20 qəp, soğan 80 qəpikdir. Tərəvəzlər arasında ən çox bahalaşma kartofun qiymətində müşahidə olunur. 1 həftə əvvəl 60-70 qəpik olan kartof hazırda 1 man 20 qəpiyə satılır. Almanın qiyməti 50 qəp 2 manat arasında dəyişir. Armud 2 manat 50 qəp, banan 2 man 30 qəpikdir. Halbuki yanacağın qiyməti qalxmamışdan əvvəl almanın 5-6 kiloqramı bir manata təklif edilirdi. Belə məlum olur ki, Rusiya və İranla sərhədlərdə yaranan problem belə kənd təsərrüfatı məhsullarının qiymətinin düşməsinə təsir etməyib. Ay ərzində ən çox qiymət artımı kənd təsərrüfatı məhsullarında baş verib. Araşdırmalar göstərir ki, çörəyin, makaron məmulatlarının, təzə balığın, zeytun yağının, xamanın, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, göyərtinin, şabalıdın, xiyar və pomidorun, bibərin, badımcanın, sarımsağın, kartofun, kələmin qiymətlərində bahalaşma müşahidə olunub. Bu bahalaşma qeyri-ərzaq mallarından da yan keçməyib. Rəsmi məlumata görə, qeyri-ərzaq mallarından geyim və ayaqqabıların, inşaat materiallarından sulu boyanın, parket və laminat parketin, mebellərdən mətbəxt üçün mebel dəstinin, mətbəx üçün stolun, təzyiq ölçmək üçün aparatın, zərgərlik məmulatlarının qiymətləri bahalaşıb. Paytaxtın əksər iri ticarət mərkəzlərində qiymətlərin 50-70 faiz endirilməsilə bağlı elanın olmasına baxmayaraq reallıqda qiymətlər əvvəlki aylarla müqayisədə xeyli bahadır. Qış mövsumunun iki ayının geridə qalmasına baxmayaraq mövsümi malların qiymətində enmə müşahidə olunmur. Hazırda adi manto və gödəkçələri 100-150, ayaqqabı və cins şalvarları 20-50 manatdan aşağı almaq qeyri-mümkündür. Üstəlik satıcılar yeni illə bağlı "endirim kompaniyası" adı altında qiymətləri xeyli dərəcədə artırıblar. Məsələn, bir müddət əvvəl 350 manata təklif edilən televizorlar indi "endirim" adı ilə 400-420 manata sırınır. Bu növ məhsullar əsasən kreditlə satıldığından vətəndaşlar onun qiymət fərqinə varmırlar.
Həmçinin bazarlarda ət və ət məhsullarında da qiymət artımı davam etməkdədir. Rəsmi statistik məlumata əsasən diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,3 faiz bahalaşıb. Belə ki, diri heyvanlar və heyvandarlıq məhsullarından inəyin istehsalçı qiymətləri 1,7, camışın 0,6, hind toyuğunun 3,7 faiz, mal və qoyun ətinin müvafiq olaraq 0,3 və 1,2 faiz, quş ətinin 2,0 faiz, südün 0,5 faiz bahalaşıb. Hazırda bazarlarda diri toyuq 15-25, hind toyuğu 35-45 manata, mal əti 8-10, qoyun əti isə 10-12 manata satılır. Onu da qeyd edək ki, bazarda qiymətini sabit saхlayan məhsullardan biri də ət və ət məhsullarıdır. Məsələ orasındadır ki, paytaxtda təşkil edilən kənd təsərrüfatı məhsullarının yarmarkası da qiymətlərin enməsinə elə bir təsir göstərməyib. Əksin, yarmarkaların özündə qiymət artımı qeydə alınıb. Araşdırmalar zamanı bəlli oldu ki, qiymət artımı sərinləşdirici və spirtli içkilərdə də çaş verib, restoran və şadlıq evlərində də qiymətlər dəyişib. Müşahidə olunan qiymət artımının həm obyektiv, həm də subyektiv səbəbləri var. Obyektiv səbəblərə yanacağın qiymətinin artmasını, xaricdən xüsusən də İran, Türkiyə və Ukraynadan gətirilən məhsulların çatdırılma tariflərində müşahidə olunan bahalaşmanı daxil etmək olar. Subyektiv səbəblər ənənəvi bayramqabağı bahahalaşma və bazarda spekulyasiya meylləri daxildir.
Ekspertlərin fikrincə, bazarlarda qiymət artımına təsir edən bir sıra amillər var ki, onların qətiyyən iqtisadi əsası yoхdur. Belə amillərdən ən təhlükəsi və dərin kök salanı inhisarçılıq və nəzarət siseminin olmamasıdır. Ölkədə liberal iqtisadiyyatın olması o demək deyil ki, satışa çıхarılan məhsullara istənilən fantastik qiymət qoyulsun. Satışa çıхarılan məhsul əhalinin alıcılıq qabiliyətinə və vətəndaşların ailə büdcəsinə uyğun olmalıdır. Xatırladaq ki, qiymət artımına həm də iri ticarət mərkəzlərində tətbiq edilən qeyri-qanunu rüsumlar təsir etməkdədir. Rüsumların çoxluğu, yer pullarının fantastik həddə olması təbii ki, qiymətlərə öz təsirini göstərir. Aidiyyati qurumlar isə demək olar ki, nəzarət funksiyalarını qətiyyən işə salmaq niyyətində deyillər. Heç şübhəsiz ki, bazarlarda qiymət artımının davam etməsi əhalinin alıcılıq qabiliyyətinin azalması, nəticə etibarı ilə isə yaşayış minimumuna təsirsiz ötüşməyəcək. Çünki araşdırmalar göstərir ki, insanların alıcılıq qabiliyyəti xeyli aşağı düşüb. Bu səbədən də gəlirlərinin təxminən 70 faizini ərzaq mallarına xərcləyirlər.
Alim