Samir Şərifov: “Azərbaycan investisiya axtaran dövlətdən investisiya yatıran dövlətə çevrilib”
24 Dekabr 2013 13:47 İqtisadiyyat"Son on il ərzində Azərbaycan borc alan dövlətdən borc verən dövlətə, investisiya axtaran dövlətdən investisiya yatıran dövlətə çevrilib, keçid dövrünü uğurla başa vurub. Bu illər ərzində Azərbaycan iqtisadiyyatına 150 milyard sərmayə qoyulmuş, sahibkarlıq subyektlərinə 1,2 milyard manat güzəştli kreditlər verilib". Bunu deyən maliyyə naziri Samir Şərifovun sözlərinə görə, 2003-2013-cü illər ərzində büdcə təşkilatlarında çalışanların əməkhaqlarının artırılması ilə əlaqədar 12, pensiya və müavinətlərin artırılması ilə bağlı 8 sərəncam imzalanıb: "Dövlətimizin başçısının əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətindəki sərəncamları dövlət büdcəsinin sosial yönümlü olduğunu deməyə əsas verir. Təsadüfi deyildir ki, beynəlxalq iqtisadi qurumlar tərəfindən aparılan tədqiqatlara əsasən Azərbaycan insan inkişafına görə qabaqcıl dövlətlər sırasına daxil olub. Uğurla başa vurduğumuz ötən 10 ildə Azərbaycanın milli mühasibatlıq standartı yaradılıb ki, bu həm dövlət büdcəsinin, həm də icmal büdcənin vəsaitlərinin şəffaflıqla xərclənməsini təmin edib". Onun sözlərinə görə, növbəti illərdə Azərbaycanda iqtisadi imkanların genişləndirilməsi, gənclərin sosial ipoteka kreditləri ilə təmin edilməsi, qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi kimi məsələlər öz həllini tapacaqdır. Bu nailiyyətlərin əldə edilməsinə Heydər Əliyevin siyasi kursu zəmin yaradıb. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilməsi Azərbaycanın inkişafında başlıca amil olub.