“Günəşli”-də yanğını aşkar etmə və söndürmə sistemi istismara verilib
24 Dekabr 2013 12:28 İqtisadiyyatARDNŞ-nin istehsalat obyektlərində hasil olunan məhsulun yığılması, hazırlanması və nəqli üzrə istismar proseslərinin tam təhlükəsiz yerinə yetirilməsini təmin etmək məqsədilə mütəmadi olaraq mühüm tədbirlər həyata keçirilir. Socar.az xəbər verir ki, ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən "Günəşli" yatağındakı dərin dəniz özüllərində yanğın təhlükəsizliyini təmin etmək üçün mövcud sistemin təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılır. Burada yeni avtomatik yanğını aşkaretmə və söndürmə sisteminin yaradılması məqsədi daşıyan "Avtomatik yanğını aşkaretmə və yanğınsöndürmə sisteminin yaradılması" layihəsinin tətbiqinə başlanılmışdır. Bu layihə ilk dəfə yataqdakı 4 saylı dərin dəniz özülündə yerinə yetirilmişdir. Özüldə "Avtomatlaşdırılmış yanğını aşkaretmə və söndürmə sisteminin yaradılması" obyekti üçün layihə əsasında alınmış cihaz, avadanlıq və vasitələr quraşdırılmış, sazlanmış, video-müşahidə, video görüntünün qeydiyyatı və növbətçi otağı ilə rabitə sisteminin yaradılması işləri yekunlaşmış və uğurla istismara buraxılmışdır. Proqram təminatlı idarəetmə və nəzarət sistemi məsafədən avtomatik olaraq yanğın, qazlanma hallarının dəqiqliklə əvvəlcədən aşkarlanaraq qeydə alınması, təhlükənin xarakterinə uyğun qərarın verilməsi və qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi imkanlarına malikdir. Layihənin "Günəşli" yatağının digər özüllərində də tətbiqi nəzərdə tutulur.