“Qiymətlərin süni surətdə artan hər faizi....” - Əli Məsimli
"Ölkə əhalisinin ailə büdcəsinə ildə 170 milyon manatdan artıq ziyan vurur”
23 Dekabr 2013 15:04 İqtisadiyyat"Yeni il qabağı keyfiyyətsiz və insan orqanizmi üçün təhlükəli malların satışa çıxarılmasının qarşısını almaqdan ötrü intensiv monitorinqlərin keçirilməsi də zəruridir"
Ölkədə yanacağın qiymətinin qalxmasından sonra əksəriyyət sahələrdə qiymət artımı müşahidə edilməkdədir. Xüsusilə, ərzaq məhsullarının qiyməti bir neçə ay bundan əvvəllə müqayisədə nəzərəçarpacaq dərəcədə artıb. Bir çox hallarda süni şəkildə baş verən qiymət artımı əhali arasında haqlı narazılığa səbəb olur. Müvafiq dövlət strukturları süni şəkildə baş verən qiymət artımının qarşısını almaq istiqamətində lazımı addımlar atsa da, problemi ciddi şəkildə aradan qaldırmaq hələlik mümkünsüz görünür? Bəs görəsən süni qiymət artımını aradan qaldırmaq üçün konkret hansı addımlar atılmalıdır və iqtisadçı ekspertlər bu barədə nə düşünürlər? İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, Milli Məclisin iqtisadi siyasət daimi komitəsinin üzvü Əli Məsimli deyir ki, son vaxtlar qiymət artımına 3 amilin təsiri özünü çox qabarıq şəkildə göstərməkdədir. Millət vəkilinin sözlərinə görə, birincisi, noyabr ayının əvvəllərində yanacağın qiymətinin artırılmasıdır: "Bu bir tərəfdən bir sıra digər malların da qiymətinə təsir edib, digər tərəfdən isə bu hadisənin psixoloji təsiri inflyasiya təzyiqini artıraraq eyni zamanda süni qiymət atrımına da şərait yaradıb.
İkincisi, dekabr ayının birinci yarısında havaların qarlı-şaxtalı keçməsi bəzi məhsulların qiymətlərinin artması ilə müşahidə olundu. Üçüncüsü, hər il olduğu kimi bu il də Yeni İl qabağı süni qiymət artımına geniş meydan açılır". Əli Məsimli deyir ki, aidiyyatı hökumət qurumları qiymət artımının qarşısını almaq üçün bayram yarmarkalari təşkil etməyi planlaşdırır: "Bu addımı müsbət qiymətləndirməklə yanaşı, eyni zamanda həm də onu xatırlatmağı zəruri hesab edirik ki, Azərbaycanda qiymətlərin süni surətdə artan hər faizi ölkə əhalisinin ailə büdcəsinə ildə 170 milyon manatdan artıq ziyan vurur. Ona görə də hər il bayramqabağı geniş vüsət alan süni qiymət artımı və keyfiyyətsiz malların satışının qarşısını almaqdan ötrü əlavə tədbirlərin də görülməsini zəruri hesab edirəm". Millət vəkilinin sözlərinə görə, Yeni İl Yarmarkaları Bakı ilə yanaşı regionların iri şəhərlərində də təşkil edilməlidir: "Həmçinin diqqətsizlikdən istifadə edib, orada da qiymətlərin razılaşdırıldığından yüksəyə qaldırılması hallarının minimuma endirilməsi istiqamətində təsirli tədbirlər görülməlidir. Süni qiymət artımı ilə yanaşı Yeni İl qabağı keyfiyyətsiz və insan orqanızmı üçün təhlükəli malların satışa çıxarılmasının qarşısını almaqdan ötrü intensiv monitoriqlərin keçirilməsi də zəruridir. Hesab edirəm ki, həmin hallara qarşı cəza tədbirlərinin geniş şəkildə ictimailəşdirilməsi də lazımdır". Millət vəkilinin qənaətincə, bayramqabağı qiymət artımından yox, əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da qiyməti endirib, satişin həcmini artirmaqla dövriyyədən daha çox qazanmaq yoluna keçilməsinə dair iş adamlarına çağırışlar edilməlidir: "Eyni zamanda kütləvi informasiya vasitələrində bunu əyani sübut edən roliklərdən geniş şəkildə istifadə edilməlidir. Bundan başqa televiziya kanallarında, internet üzərindən və digər kütləvi informasiya vasitələrində sahibkarlara istehlakçıların qanunla müəyyən olunmuş hüquqlarının xatırladılmasına dair sosial reklamlarin intensiv şəkildə verilməsi təmin olunmalıdır. Vətəndaşların aldadılmasına yönələn saxta reklamlar və saxta endirimlərə qarşı isə mübarizənin gücləndirilməsi və real endirimlərin təşviq olunması lazımdır".
Süleyman İsmayılbəyli