“Azərbaycanla hesablaşanların sayı artacaq”
İlham Əliyev: “Bizim enerji strategiyamız dostluq, əməkdaşlıq və qarşılıqlı dəstəyə əsaslanır”
23 Dekabr 2013 13:34 İqtisadiyyat"Şahdəniz" layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişinin imzalanması mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, "Şahdəniz-2" dünyanın ən iri enerji layihələrindən biridir. İlham Əliyev "Şahdəniz-2"ni enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsi adlandırdı və qeyd etdi ki, tarixi layihədə iştirakçı dövlət və şirkətlərin geniş əməkdaşlığı təmin ediləcəkdir: "Layihə regionun və Avropanın enerji xəritəsini dəyişdirəcəkdir. "Şahdəniz-2", TANAP və TAP dünyanın ən iri enerji layihələrindəndir. Layihəyə 45 milyard dollar məbləğində sərmayə cəlb ediləcək, marşrut boyu yerləşən ölkələrdə 30 mindən çox yeni iş yeri yaradılacaq. Təbii ki, bu layihə əlavə səylər tələb edəcək. Bizim enerji strategiyamız dostluq, əməkdaşlıq və qarşılıqlı dəstəyə əsaslanır. Tariximizdə Azərbaycan heç bir zaman öz enerji potensialını digər məqsədlər üçün istifadə etməmişdir".
Azərbaycan inkişaf və stabillik üçün dünyaya fürsət verir
"Şahdəniz" layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişinin imzalanması ilə Azərbaycan Avropa üçün imtinaedilməz tərəfdaşa çevrildi. Ölkəmiz bununla növbəti dəfə dünyanın diqqətini özünə cəlb bacardı. "Şahdəniz" layihəsi Azərbaycanın qarşısında geniş siyasi və iqtisadi imkanlar açır. 45 milyard dollarlıq proyektdə əsas söz sahibi qüvvə kimi Dağlıq Qarabağ münaqişəsinin lehinə həll edilməsi, bu ölkə ilə yanaşı region dövlətlərin sosial həyatının yaxşılaşdırılması üçün əlavə fürsət verir. Həmçinin Rusiyadan gələn təhlükə sovuşdu, Azərbaycanın Avrasiya İttifaqı və Gömrük Birliyində iştirak etməyəcəyi dəqiqləşdi. Rəsmi Bakı bunu Azərbaycanın Avropa inteqrasiya yolu üzərində qətiyyətlə dayanmasını ehtiva edən "Şahdəniz" layihəsini reallaşdırmaqla bildirdi. Rusiyanın enerji asılılığından yaxa qurtaran Azərbaycan Qərb və ABŞ-ın əhəmiyyətli partnyoruna çevrildi. Bunun qarşılığında Brüssel və Vaşinqton Dağlıq Qarabağ münaqişəsilə bağlı bəzi qərəzli qərarlarında yerdəyişməyə gedə bilər. Azərbaycan həmçinin Dağlıq Qarabağ münaqişəsinin bütün xırda detallarını bilən Gürcüstanın təhlükəsizliyini tam qarantiyaya aldı. Gürcüstan üçün ən ucuz qaz və neft bazarı olan Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi bu ölkənin gündəliyində duran məsələyə çevriləcək. "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinin ikinci mərhələsinin reallaşdırılması Gürcüstan, Türkiyə və Avropanın 15 ölkəsinin enerji təhlükəsizliyini təmin etməklə bərabər, iqtisadi inkişafına təkan verəcək. Layihənin rellaşdırılmasına dair imzalanmış sənədə həmçinin də tarixi hadisə kimi də yadda qaldı. 20-ci əsrdə ümummilli lider Heydər Əliyev tərəfindən "Əsrin müqaviləsi" imzalanmışdısa, 21-ci əsrdə də Prezident İlham Əliyev tərəfindən əsrin qaz müqaviləsi imzalandı. Siyasi analitiklər hesab edirlər ki, müqavilə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında başlıca rol oynayacaq. 1.2 trilyon kubmetr qaz ehtiyatı olan "Şahdəniz-2" yatağının 7 mühüm neft şirkəti ilə birgə bu müqaviləyə imza atılması Azərbaycanı ən inkişaf etmiş ölkələr siyahısına əlavə edəcək. Artıq Avropa dövlətləri Azərbaycanı bundan sonra ən güclü iqtisadi potensialı olan partnyoru kimi görürlər. Bakıda keçirilmiş "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının imzalanması mərasimində çıxış edən Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq bildirdi ki, "Şahdəniz-2" layihəsinin inkişafı "Cənub dəhlizi"nin yaranmasına imkan verəcək. Bu da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və yeni qaz mənbələrinin təqdim edilməsində rol oynayacaq. U.Heyqin dediyi sözlərə görə, layihənin reallaşması Azərbaycana əlavə investisiyalar cəlb etməyə, eləcə də Azərbaycanla Böyük Britaniya arasındakı möhkəm əlaqələri diversifikasiya etməyə imkan verəcək, həmçinin Yaxın Şərqdə enerji resursları mənbələrinə çıxış etməyə və Avropanın enerji təhlükəsizliyini daha da möhkəmləndirməyə imkan yaradacaq. "Şahdəniz-2" layihəsi nüvə proqramına görə, Qərb və ABŞ-la elə də isti münasibətlərə sahib olan İranın da ciddi marağına səbəb olub. Qərblə Azərbaycanın biri-birinə yaxınlaşmasına imkan yaradan layihə Tehran-Brüssel-Vaşinqton əlaqələrinin qaydasına salınmasında mühüm rola malik ola bilər. Bunu nəzərə alan İran Azərbaycanı neft və qaz sektoruna investisiya yatırmağa çağırıb. Təbii qəbul edilməlidir ki, Cənubi Qafqaz iqtisadiyyatının 70 faizdən çoxuna sahib olan Azərbaycan istənilən halda mühüm məsələlərin həllində vasitəçilik missiyasını öz üzərinə götürmək iqtidarındadır. Ermənistan və Rusiya ilə isti, Türkiyə ilə soyuq münasibətlərə sahib olan Yunanıstanın layihədə iştirak etməsi Azərbaycanın bəzi siyasi məsələlərdəki rolunu da qabağa çıxaracaq. İmza mərasimində iştirak edən BP rəmisi Qordon Briell, Çernoqoriya prezidenti, Yunanıstan, Gürcüstan, Xorvatiya, Bolqarıstan, Albaniya baş nazirləri, İtaliya və İngiltərənin xarici işlər nazirləri, Türkiyənin energetika naziri, ABŞ dövlət katibinin müavini Azərbaycan tərəfindən həyata keçirilən layihəni tarixi hadisə adlandırdılar. "Şahdəniz" dünyanın enerji təhlükəsizliyi üçün atılmış əhəmiyyətli addım kimi təqdim etdilər. Türkiyənin energetika naziri Tanər Yıldız "Şahdəniz-2" layihəsinin reallaşması ilə region ölkələrinin sabitlik qazanacağını dedi. T.Yıldız bildirdi ki, Türkiyənin 50 milyard kubmetr qaz ehtiyacının təmin olunması ilə bərabər, həmçinin Avropa İttifaqı ölkələrinin təbii qaz ehtiyaclarının qarşılanması üçün əhəmiyyətli proyektdir: "Bu həmçinin region dövlətlərinin rifah halının yaxşılaşmasında mühüm rol oynayacaq". Azərbaycanın region və dünyadakı artan nüfuzunu və nəhəng ölkələrin imtinaedilməz pornyoruna çevrilməsini görən Ermənistan hakimiyyəti də artıq Dağlıq Qarabağ münaqişəsindəki mövqeyindən geri çəkilmək niyyətlisi kimi görünür. Erməni rəsmilər münaqişənin həllində Ermənistan üçün pozitiv sayılacaq fikirlər səsləndirmirlər. Ermənistan vətəndaşları da Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsinin və Azərbaycan investisiyasının ölkə iqtisadiyyatına axın etməsinin tərəfindədir. Rusiya isə Azərbaycanın Qərblə birdəfəlik yaxınlaşmaq siyasətindən narahat olmağa başlayıb.
Rus mətbuatı artıq Kremlin narahatlıqlarını gündəmə gətirməyə başlayıb. Çünki Rusiya başa düşür ki, Qərbə inteqrasiya yolunu seçmiş, həmçinin Avropa və Amerika qitəsində özünə etibarlı tərəfdaşlar qazanmış Azərbaycanı siyasi layihələrinə qatmaq mümkün olmayacaq. Məntiqi olaraq, İngiltərənin "BP" şirkətinin rəsmisi Bob Dudli "Şahdəniz" layihəsinin həyata keçirilməsindən sonra Azərbaycanla hesablaşanların sayı artacaq. Azərbaycan müxalifəti də "Şahdəniz" layihəsinin həyata keçirilməsini müsbət qarşılayır. Dünyanın aparıcı dövlət rəsmilərinin dilindən səsləndirilən fikir Azərbaycana qarşı qərəzli mövqe nümyiş etdirən xarici qüvvələrə xəbərdarlıq olmalıdır. Beynəlxalq əhəmiyyətli proyekt isə Azərbaycanın son 10 ilinin uğurlu layihələrindən biridir. İnandırıcıdır ki, tendensiya gələcəkdə də davam etdiriləcək.
"Bizim məqsədimiz neft kapitalını insan kapitalına çevirməkdir"
Azərbaycanın beynəlxalq arenaya çıxması üçün əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasət kursu Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hökumətin keçən 10 ildə Azərbaycanın mövqeyinin beynəlxalq aləmdə möhkəmləndirilməsi, bütün məsələlərdə müsbət nəticələrin əldə edilməsi istiqamətində səmərəli fəaliyyəti olub. Azərbaycanın xarici siyasət konsepsiyası ikitərəfli və çoxtərəfli əlaqələrin gücləndirilməsi, beynəlxalq təhlükəsizliyin təmin edilməsi, enerji layihələrinin və humanitar proqramların həyata keçirilməsinə yönəldilib. Aparılan fəal xarici siyasətin nəticəsi olaraq Azərbaycanın dünya dövlətlərilə əlaqələri genişlənib. Artıq Azərbaycanın xarici ölkələrdə və beynəlxalq təşkilatlar yanında 80-dən artıq diplomatik nümayəndəliyi uğurlu fəaliyyət göstərir. Regionun aparıcı dövləti Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarla hərtərəfli əlaqələrin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verir. 2011-ci ilin oktyabrında BMT-də təmsil olunan 193 dövlətdən 155-nin dəstəyini alaraq Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmizin apardığı xarici siyasətin mühüm nailiyyətlərindəndir. Vilnüsdə Avropa İttifaqı ilə viza rejimin sadələşdirilməsinə dair imzaladığı sənəd eyni qəbildəndir. Azərbaycanın dünya və regionda həyata keçirdiyi beynəlxalq enerji layihələri Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizi dünya dövlətlərinin etibarlı tərəfdaşına çevirib. Azərbaycanın dinamik inkişafı artıq düşmən ölkələri açıq şəkildə narahat etməyə başlayıb. Ölkəmizin yerləşdiyi strateji mövqeyi, nəhəng iqtisadi potensialı, xarici ölkələrlə hərtərəfli əlaqələrin inkişafına yönəlmiş uğurlu siyasət konsepsiyası hegemon güclərin geosiyasi planlarında Azərbaycanı hesablaşılan dövlət statusuna qaldırıb. Azərbaycanın əsas məqsədi işğal olunmuş ərazilərin azad edilməsi, məcburi köçkünlərin öz evlərinə qayıtması və Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, eləcə də bütün Cənubi Qafqaz regionunda sabitlik və davamlı sülhün bərqərar olmasına nail olmaqdır. Beynəlxalq iqtisadi münasibətlərdə, xüsusilə enerji resurslarının dünya bazarına çıxarılmasında ölkəmizin davamlı müstəqil siyasət yürütməsi Azərbaycanı həm enerji resurslarının nəqli üzrə geo-strateji əhəmiyyətə malik dəhlizə, həm də Avropa ölkələrinin enerji təminatında etibarlı tərəfdaşa çevirib. Düşünülmüş iqtisadi siyasət nəticəsində hazırda Azərbaycan donor ölkəsi statusundadır. Cari ilin iyulunda Azərbaycan hökumətinin dəstəyilə Bakıda "Fəlsətinin Qüds şəhərinin bərpası" məqsədilə keçirilmiş beynəlxalq donor konfransı ölkəmizin artan donur fəaliyyətinin nümunəsidir. Xarici siyasətin bu yeni istiqamətinin sistemli şəkildə təşkili və xarici siyasət məqsədlərinin həyata keçirilməsi üçün Xarici İşlər Nazirliyi nəzdində yaradılmış Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa yardım Agentliyi (AİDA) xarici siyasətdə atılmış uğurlu addımlardan biridir. Əsas məqsədi dünyada köməyə ehtiyacı olan insanlara effektiv yardım etməkdir. AİDA-nın fəaliyyəti ölkəmizə strateji əhəmiyyətli yeni tərəfdaşlar qazandırır. Dövlət Prezident İlham Əliyevin "Bizim məqsədimiz neft kapitalını insan kapitalına çevirməkdir" deyimini rəhbər tutaraq, Azərbaycanı irəli aparmaq üçün bütün mümkün vasitələrdən istifadə edir.
Mənsur Rəğbətoğlu