"Trilyonlarla qaz potensialının yataqda qalmasının xalqa heç bir xeyri yoxdur" VIDEO

Rövnəq Abdullayev Azərbaycanda son 10 ildə böyük qaz yataqları aşkar olunduğunu bildirib

 "Şahdəniz-2" müqaviləsi üzrə investisiya sazişinin imzalandığı gün Yunanıstanın öz qazpaylayıcı şəbəkəsini Azərbaycana satmaqdan imtina etməsi barədə xəbər yayıldı. Bundan əlavə, bəzi ekspertlər Dövlət Neft Şirkətinin Norveçin "Statoil" və Fransanın "Total" şirkətinin payının bir hissəsini almasını, Türkiyənin layihədə payının artırılmasını "Şahdəniz-2"-nin həyata keçirilməsində problemlər kimi xarakterizə etdilər. Mir Şahin bu və digər mövzulara Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə müsahibədə aydınlıq gətirib.

"Azərbaycanda axır 10 ildə böyük qaz yataqları aşkar olunub. Şahdənizdən sonra Abşeron, Ümid, Babək çox prespektivlidir və böyük imkanlar görünür. Bu böyük qaz potensialını 2 trilyon yarımdan yuxarı olan ehtiyatları yataqda durursa o xalqa heç bir xeyir gətirmir. Bilirsiniz ki, qaz layihəsini həyata keçirtmək neftdən çox-çox çətindir. Nefti uzaqbaşı dəmir yolu, gəmi ilə gətirə bilərik, amma qazı boru xəttləri infrastrukturu olmasa bu potensialı istifadə etmək qeyri mümkündür. Şahdəniz layihəsinin 2-ci fazasının həyata keçirilməsi mühümdür ki, Azərbaycanın gələcək 50 ilinin iqtisadi potensialına böyük imkanlar yaransın. Biz Şahdəniz-2 layihəsini həyata keçirməklə, boru kəmərinin genişlənməsi, TANAP-ın tikilməsi və TANAP-da Avropaya birləşən TAP-ın tikilməsi ilə artıq Azərbaycan qaznın Avropaya yolunu açmağa nail olmuşuq.

Əgər bu infrastruktur olmasa "Abşeron" qaz yatağından çıxan qazın heç bir qiyməti olmaz. Bunun iqtisadiyyatda böyük effekti olacaq. Bu layihə həmçinin qeyri-neft sektorunun inkişafına da böyük təkan verəcək. "Şahdəniz-2" o qədər böyük yataqdır ki, onun potensialı bu 50 milyardlıq infrastrukturun qurulmasına imkan verir. Qalan yataqlar ondan istifadə edərək bəhrələnəcəklər.

"Statoil" şirkəti bu layihədəki 10 faizlik payını bizə satdı. Bundan başqa onlar bu layihədəki öz üstünlük haqlarını da SOCAR-a verdilər. Satış söhbəti olacağı təqdirdə burda söz haqqı Azərbaycan dövlətindədir. Bunun kimə satılmasına ancaq biz icazə verə bilərk.

Türkiyə dövləti də bizə müraciət edərək paylarının artırılmasını xahiş ediblər. Cənab prezidentin göstərişi ilə onların TANAP-dakı payı 10 faiz artırılıb ki, bu da 30 faiz deməkdir. Bununla bağlı artıq sənədlər hazırlanır.

Minimum 51 faiz pay sahibi olmaqla TANAP-ın bütün hüquqları bizdədir. Biz payçılarımıza heç bir səs hüququ vermirik".

Sonda Rövnəq Abdullayev Yunanıstanın DESFA qaz paylaıyıcı şəbəkənin özəlləşdirilməsi ilə bağlı məsələyə aydınlıq gətirib. Bəzi KİV-lərin yaydığı məlumatları təkzib edən R. Abdullayev deyib ki, SOCAR tenderi udub, qaz paylayıcı şəbəkənin özəlləşdirilməsində heç bir problem yoxdur. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31