Azərbaycanın müstəqilliyinin qarantı- "Şahdəniz-2"
18 Dekabr 2013 15:07 İqtisadiyyat"Vilnüs sammitindən sonra Moldova və Gürcüstanın Avropa İttifaqı ilə assosiativ üzvlüyə imza atması, Azərbaycanın isə qurumla sadələşmiş viza rejiminə imza atması bir daha dünya siyasətində ciddi problemlərin yarandığından xəbər verir". Bunu deyən millət vəkili Vahid Əhmədovun sözlərinə görə, son vaxtlar Ukraynada baş verən hadisələr, bu ölkə ətrafında cərəyan edən siyasi proseslər, Azərbaycanın strateji müttəfiqi olan bir dövlətdə yaşanan hadisələr xalqımızı narahat edir: "Bu günlərdə Azərbaycanla bir neçə Avropa ölkəsi arasında çox mühüm bir saziş imzalanıb. 20-ci əsrdə mərhum dövlət başçısı Heydər Əliyev tərəfindən "Əsrin müqaviləsi" imzalanmışdısa, 21-ci əsrdə də ölkə Prezidenti İlham Əliyev tərəfindən əsrin qaz müqaviləsi imzalanıb və bu müqavilə də Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında başlıca amil rolu oynayacaq. Bu müqavilə yalnız iqtisadi yox, həm də bir siyasi müqavilədir. 1.2 trilyon kubmetr qaz ehtiyatı olan "Şahdəniz-2" yatağının 7 mühüm neft şirkəti ilə birgə bu müqaviləyə imza atılması Azərbaycanın müstəqilliyi və gələcək inkişafı üçün əsas amillərdən biridir".