Azərbaycanın daha bir tarixi günü

Bakıda “Şahdəniz-2” layihəsinin investisiya sazişinin imzalanma mərasimi keçirilib

Bu gün Bakıda daha bir nəhəng enerji layihəsinin reallaşdırılması məqsədilə təntənəli mərasim keçirilib. Belə ki, "Şahdəniz" layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişinin imzalanma mərasimi olub. Prezident İlham Əliyevin də qatıldığı mərasimdə nüfuzlu neft və qaz şirkətlərinin rəhbərləri, dövlət rəsmiləri və bu sahənin mütəxəssisləri iştirak edib. İmzalanma mərasimində çıxış edən prezident İlham Əliyev deyib ki, Azərbaycanın müasir tarixində tarixi bir gündür. "Şahdəniz"in dünyanın ən iri enerji layihələrindən biri olduğunu deyən dövlət başçısı bildirib ki,  bu, enerji təhlükəsizliyi, enerji diversifikasiyası, cəlb olunan ölkələr və şirkətlər arasında geniş beynəlxalq əməkdaşlıqla bağlı tarixi bir layihədir: ""Şahdəniz" sazişi bəlkə də XXI əsrin müqaviləsi adlandırılacaq. Bugünkü imzalanma mərasimi müstəqil Azərbaycanın energetik inkişaf tarixində vacib bir mərhələdir". İlham Əliyev 2011-ci ildə Azərbaycanla Avropa Birliyi arasında imzalanan strateji əməkdaşlığa dair Memorandumun ölkənin enerji strategiyasının inkişafına, Avropaya qazın nəqlinin diversifikasiyasına kömək etdiyini söyləyib: "2012-ci ildə Türkiyə ilə TANAP sazişi imzalandı, 2013-cü ildə isə TAP Azərbaycan qazının Avropaya nəqli üzrə əsas layihə kimi seçildi. Hələlik biz birgə səylər tələb edən nəhəng layihənin başlanğıcındayıq. Bu gün imzalanan sənəd strateji tərəfdaşlığı azı 40 il, hətta mümkündür ki, daha çox davam etdirməyə imkan verəcək. Enerji ehtiyatları bizə iqtisadiyyatın transformasiyası və diversifikasiyası üçün imkan yaratdı. Müstəqillikdən əvvəl özəl sektorda ÜDM sıfır səviyyəsində idi, indi isə iqtisadiyyatımızın 85 faizi özəl sektorun payına düşür". Dövlət başçısı Azərbaycanın beynəlxalq institutlarla sıx əməkdaşlığını xüsusi qeyd edib. Bildirib ki, diversifikasiya və şəffaflıq uğurlu əməkdaşlığın əsas elementləridir: "Mən düşünürəm ki, Azərbaycanda biz "neft lənəti"ndən qaça bildik. Ölkəmiz neft və qazın xalqın rifahına xidmət etməsinin nümunəsini nümayiş etdirir". Prezident Azərbaycanın layihəyə cəlb olunan Gürcüstan, Türkiyə, Albaniya, İtaliya və Bolqarıstanla sıx əməkdaşlığına ümid etdiyini bildirərək daha sonrakı mərhələdə Monteneqro və Xorvatiya ilə fəal əməkdaşlığın başlanacağını deyib: "Boru kəmərinin Balkanlara doğru genişlənməsi planları var".  

"Şahdəniz" və Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi layihələrinin operatoru olan Britaniyanın "bp" şirkətinin baş icraçı direktoru Bob Dadli isə  çıxışı zamanı deyib ki, "Şahdəniz" qazının ildə təxminən 10 milyard kubmetrinin 25 il ərzində İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara nəql ediləcəyi gözlənilir: "Bundan başqa, "Şahdəniz-2"dən hasil olunacaq qazın ildə təxminən 6 milyard kubmetri Türkiyədəki istehlakçılara çatdırılacaq. Bugünkü qərar o deməkdir ki, doqquz Avropa şirkəti ilə bağlanmış qaz satışı müqavilələri artıq qüvvəyə minəcək. Qaz satışı və nəqli üzrə bütün sazişlər "Şahdəniz" tərəfdaşlarının təsis etdiyi Azərbaycan Qaz Təchizatı Şirkəti tərəfindən ARDNŞ-in əməliyyatçılığı ilə idarə olunacaq. "Şahdəniz-2" işlənməsi və Cənub Dəhlizi boru kəməri layihələri dünyanın neft-qaz sənayesində indiyə qədər həyata keçirilmiş ən böyük və ən mürəkkəb təşəbbüslərdən biridir". Mərasimdə çıxış edən Türkiyənin təbii ehtiyatlar və energetika naziri Taner Yıldız isə bildirib ki,  "Şahdəniz-2" layihəsi siyasi sabitliyi möhkəmlətməyə və iqtisadi əməkdaşlığı genişləndirməyə imkan verəcək: "Layihə həm Azərbaycanın, həm də layihəyə cəlb olunmuş bütün iştirakçı dövlətlərin rifahına xidmət edəcək". Türkiyəli nazir qeyd edib ki, ölkəsi əvvəldən bu layihəni dəstəkləyib və bu dəstək bundan sonra da davam edəcək. Çünki Bakı-Tiflis-Ceyhan Xəzərin enerji resurslarının dünya bazarına çıxarılması üçün vacib layihə olsa da, yetərli deyil: "Xəzər regionu öz ehtiyatlarını dünya bazarına təklif etməklə daha da çiçəklənəcək və inkişaf edəcək. Türkiyə özünün coğrafi və strateji mövqeyindən istifadə edərək buna daim öz töhfəsini verəcək".

Qeyd edək ki, Avropa Komissiyası da Bakıda "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya sazişinin imzalanmasını alqışlayıb.  Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu bildirib ki, "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya sazişinin imzalanması Avropanın daha güclü enerji təhlükəsizliyinə qapı açmağa imkan verir: "2011-ci ilin yanvarında Azərbaycan prezidenti İlham Əliyevlə imzaladığım birgə bəyannaməyə əsaslanan bu addım Avropa Birliyinin Xəzər hövzəsinin qazına birbaşa çıxışı deməkdir. Enerji daşıyıcılarının nəql marşrutlarının diversifikasiyası avropalı istehlakçıların və müəssisələrin rifahına xidmət edəcək".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31