Azərbaycanın beynəlxalq imici artacaq - GÜNDƏM
Deputatlar Şahdəniz-2 qaz layihəsini ölkənin müstəqilliyinin təminatı kimi dəyərləndirdilər
17 Dekabr 2013 17:03 İqtisadiyyatMilli Məclisin dekabrın 17-də keçirilən iclasında spiker Oktay Əsədov deputatlara xoş xəbər verib: "Bir neçə saat əvvəl mühüm hadisə baş verdi. Şahdəniz -2 qaz layihəsi üzrə yekun investisiya qərarı imzalandı. Bu Heydər Əliyevin neft strategiyasının təntənəsinin nəticəsidir. Bu layihə Azərbaycan xalqının rifahına xidmət edəcək. Layihənin tutumu 45 milyard dollardır". Deputat Əli Məsimli qeyd edib ki, Şahdəniz-2 imzalanması Azərbaycanın müstəqilliyinə real məzmun vermək istiqamətində ciddi addımdır: "Fikrimcə, bu Xəzərin o tərəfində gecikən layihələrin reallaşmasına səbəb olacaq. Bütün bunlar Avropanın enerji təchizatında mühüm rol oynayacaq. Əminəm ki, Şahdəniz-2-dən sonra qaz infrastrukturu dünyanın qaz siyasətinə redaktələr edəcək. Əgər Azərbaycan reallıqda 500 milyon əhalinin qazla təminatında iştirak edirsə, Avropa da Azərbaycanın Qarabağ problemi istiqamətinə başqa münasibət ifadə etməlidir". Deputat Vahid Əhmədov deyib ki, son zamanlar dünyada ciddi siyasi proseslər gedir. Vilnus sammitindən sonra Gürcüstan və Moldovanın assosiativ sazişi imzalanması, Azərbaycanın viza sadələşdirilməsi haqda sazişi imzalaması mühüm hadisədir: "Son zamanlar Ukraynada baş verənlər bizi narahat edir. Bu gün ciddi bir saziş imzalandı. Fikrimcə, XXI əsrdə İlham Əliyev tərəfindən belə bir müqavilənin imzalanması Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, Avropaya inteqrasiyaya xidmət edəcək. Bu layihə həm də ona görə əsasdır ki, Xəzərin hüquqi statusu müəyyən edilməsə də, prezidentin apardığı uğurlu siyasət nəticəsində burada karbohidrogen ehtiyatlarından istifadə edilir". Millət vəkili Fazil Mustafa Nuru Paşanın abidəsinin qoyulması təklifi ilə çıxış edib: "Son zamanlar hansı ictimai-siyasi məsələlərlə bağlı xəbər prezidentə çatdırılırsa və dövlət başçısı ona reaksiya verirsə, dərhal hamı ona müsbət yanaşır. Son addım Rəsulzadənin 100 illiyi ilə bağlı verilən sərəncamdır. Bu Rəsulzadəyə deyil, xalqa lazımdır. Tarixə sahib çıxmaq lazımdır ki, bir dəstənin əlində alətə çevrilsin. Mən Şeyxin addımını dəstəkləyirəm. Xüsusilə Mustafa Sübhi adına küçənin Nabat Aşurbəylinin adına verilməsi müsbət haldır. Bu baxımdan hesab edirəm ki, Nuru Paşanın abidəsi qoyulmaldır. İstərdim ki, cənab prezident bu məsələni də həll etsin. Heç olmasa onun adının əbədiləşdirilməsi bizim özümüzə olan haqqı tanıma kimi qiymətləndirilməlidir. Rəsulzadə ilə bağlı verilən sərəncamda fikrimcə, Milli Məclisin üzərinə səlahiyyət düşür. Çünki onun fəaliyyəti daha çox parlamerntdə olub". Deputat İqbal Ağazadə təklif edib ki, 31 dekabr həmrəylik günü münasibətilə Milli Məclis, cənab prezident əfv fərmanı və ya amnistiya aktı ilə çıxış etsin və ölkə 2014-cü ilə yeni barış şəraitində qədəm qoysun. Qüdrət Həsənquliyev qeyd edib ki, bir qrup ictimai xadim təklif edib ki, Rəsulzadənin adı 26 lar bağına verilsin və ora Cümhuriyyət bağı adlandırılsın: "Qarşıdan həmrəyik günü gəlir. Mən istərdim ki, siyasi məsələlərlə bağlı həbs edilən şəxslər azad edilsin, istintaqı gedən şəxslər isə bağışlansın. Mən bu məsələləri qaldırıram və hesab edirəm ki, onların həlli müsbət olardı". Deputat Zahid Oruc Türkiyə XİN rəhbərinin Ermənistana səfərinə toxunub. Bildirib ki, Türkiyənin saxta erməni soyqırımın qarşısının alınması üçün müxtəlif hərəkətləri başa düşüləndir. Amma bunu Azərbaycanın işğal edilən torpaqlarının azad edilməsi konteksində etmək doğru deyil: " Hesab edirəm ki, burada Türkiyənin izahatı da vacibdir". Spiker bildirib ki, bu zalda hörmətli baş nazir Rəcəb Təyyub Ərdoğan çıxış edib və fikrini ifadə edib: "Ara sözlərinə fikir verib, hər dəfə məsələni qaldırmağı düzgün saymıram". Deputat Sabir Rüstəmxanlı deyib ki, deputat statusu təkcə maaşdan ibarət deyil. Bu, həm də mənəvi məsələdir: "Biz bu institutun nüfuzunun qalxması üçün əlimizdən gələni etməliyik. Deputatların hörməti onların gördüyü işlərlə bağlı deyil, həm də vətəndaşların ona müraciəti, bunun nə ilə nəticələnməsindədir. Deputatın icra imkanı yoxdur, o, ancaq bu haqda icra orqanlarına müraciət edə bilir. Fikrimcə, icra orqanları bu məsələləri diqqətə almalıdır ki, deputatın rolu artsın. Mən bilmirəm ki, bu mexanizm necə olmalıdır. Biz burada onlarla təkliflər veririk. Bəs bu təkliflər hara gedir? Hələ bir dövlət qurumu görməmişəm ki, bizə məktub yazaraq bildirsin ki, Milli Məclisdə qaldırdığınız məsələni həll etdik.
Yaxud mən deputatam, amma bura gələn şikayətçini qəbul etmək, içəri buraxmaq üçün komitə sədrindən icazə almalıyam. Mən yanıma gələn adamı özüm qəbul etməliyəm. Bütün xarici ölkələrdə deputatın qəbul otağı var. Mənim hüququm olmalıdır ki, yanına gələn şəxsi özüm qəbul edim". Spiker Oqtay Əsədov isə bildirib ki, əhali üçün ən əlçatan elə Milli Məclis və deputatlardır: "Diqqətlə fikir verəndə bunu görmək olur. Həm də deputat hörmətini özü qazanır. Amma bəzən biz özümüz-özümüzə diqqət vermədən lazımsız ifadələr işlədir və özümüzü hörmətdən salırıq. Biz özümüz bir-birimizin hörmətini qaldırmalıyıq. Mən çox danışmaq istəmirəm, yəqin ki, məni çoxları başa düşdü". Sonra millət vəkilləri qanun layihələrinin müzakirələrini davam etdiriblər. "Milli Məclisin deputatının statusu haqqında" qanun layihəsinə edilən dəyişiklik barədə qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Səyavuş Novruzov bildirib ki,
deputatların əmək haqlarının qaldırılmasından ayrı mənalar çıxarmaq, ajiotaj yaratmaq, cəmiyyəti çaşdırmaq lazım deyil: "Postsovet məkanında bir sıra parlamentlərlə müqayisədə bizdə deputatın əmək haqqı azdır. Bəzən bunu müəllimlərlə müqayisə edirlər. Cəmi 125 deputat var. Amma təhsil sahəsində 500 min insan işləyir. Biz əlbəttə ki, bütün təbəqələrin sosial müdafiəsi ilə məşğul oluruq. Hesab edirəm ki, belə müqayisələr aparmaq doğru deyil. ABŞ-da senatorlar 14-16 min , müəllimlər isə 2 min dollar əmək haqqı alır. İkincisi, dövlət müdafiə sahəsindən sonra ən çox maliyyəni təhsil sahəsinə ayırıb. İqtisadiyyatı bilməyən, camaatı qızışdırmaq istəyənlər bu məsələləri araşdırmalı və bir daha düşünməlidir. Bu gün deputat mandatı ala bilməyənlər gedib Ukraynada Avropaya dəstək vermək, gah narıncı şarf taxmaq, gah da yaxasına müxtəlif şeylər taxmaqla deyil. Dəstək bu real addımlardan ibarətdir. Mətbuatdan da bir xahişimiz var, Dünyada əmək haqqını soruşmaq anormallıq sayılır. Odur ki, hər gün bu haqda yazmaq doğru deyil".
Alim