ABŞ Energetika Nazirliyi: Enerji resurslarının nəqlinin şaxələndirilməsi bütün tərəflərə sərfəlidir

Enerji resurslarının nəqlinin şaxələndirilməsi bütün tərəflərə sərfəlidir. Bunu ABŞ-ın energetika nazirinin siyasi məsələlər və beynəlxalq əlaqələr üzrə köməkçisinin səlahiyyətlərini icra edən Conatan Elkind çərşənbə axşamı Bakıda Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarının imzalanması mərasimində deyib. Onun sözlərinə görə, beynəlxalq şirkətlər və ARDNŞ resursları tədqiq etmək və onları bazarlar üçün əlçatan etmək məqsədilə Bakıda bir araya gəliblər. C.Elkind qeyd edib: "Bundan əlavə, hələ qarşıda bu resursları almaq istəyənlərə çatdırmaq məsələsi dayanır. Bu, enerji resurslarının nəqlinin həm istehsalçı ölkələrin, həm də bu resursları istehlak edən ölkələrin və bu biznesə cəlb edilmiş şirkətlərin maraqlarına xidmət etməsinin vacibliyini göstərir". Nazir köməkçisi toplantı iştirakçılarına ABŞ-ın energetika naziri Ernest Monitsin və Prezident Barak Obama administrasiyasının təbrikini çatdırıb.  Azərbaycan rəhbərliyinə müraciət edən C.Elkind səfir Riçard Morninqstarın simasında ABŞ hökumətinin Azərbaycanın və onun xalqının rifahı naminə enerji resurslarının işlənməsi üzrə səyləri dəstəkləməkdə davam edəcəyini təsdiqləyib. trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31