Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin inşa ediləcəyi ərazidə topoqrafik tədqiqatlar aparılıb

ARDNŞ-nin Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin inşası ilə əlaqədar olaraq Kompleks və onun ətrafındakı ərazilərdə infrastrukturun qurulması üçün topoqrafik tədqiqat işlərinin aparılmasına zərurət yaranıb. Socar.az xəbər verir ki, müvafiq işlər BP və Total şirkətləri ilə birlikdə "Fugro" şirkəti tərəfindən müasir texnologiyalardan istifadə edilərək LİDAR (lazer texnologiyasına əsaslanan şüalarla yerin quruluşunun müəyyən edilməsi) aeroçəkilişi vasitəsilə aparılıb. Bu texnologiyanın üstünlüyü ondan ibarətdir ki, qısa müddət ərzində böyük sahəni əhatə edən ərazi səthinin morfologiyasının, o cümlədən ərazidə mövcud olan müxtəlif növ çökəkliklərin 3D modelinin qurulması və yer səthi barədə layihələndirmə işləri üçün lazım olan digər keyfiyyətli məlumatların qısa müddətdə əldə edilməsi mümkündür. Hazırda alınmış məlumatlar layihəçi şirkət olan "Socar Foster-Viler" Mühəndislik Xidmətləri MMC-də emal edilir və təsdiqləndikdən sonra layihələndirmənin növbəti mərhələlərində istifadə olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31