ARDNŞ-nə torpaq sahəsi ayrıldı

ARDNŞ-nin yeni inşa edəcəyi Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi (NQNK) üçün müvafiq torpaq sahəsinin ayrılması haqqında Nazirlər Kabinetinə edilmiş müraciətə müsbət cavab verilib. "Olaylar" Socar.az saytına istinadən xəbər verir ki, bu məqsədlə Bakı şəhər və Abşeron rayon icra hakimiyyətlərinin müvafiq sərəncamları əsasında Qaradağ və Abşeron rayonlarının həmsərhəd ərazisində, Səngəçal terminalının yaxınlığında 4200 hektara yaxın torpaq sahəsi ayrılıb. Həmin ərazidə mövcud olan infrastrukturların köçürülməsi məqsədilə müvafiq qurumlarla danışıqlara başlanılıb. Qeyd olunan ərazidə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə məxsus rabitə xətləri, "Azərsu" ASC-yə məxsus su xətti, "Azəriqaz" İB-yə məxsus qaz xətti, "Azərenerji" ASC-yə və "Bakıelektrikşəbəkə" ASC-yə məxsus yüksək gərginlikli elektrik xətlərinin keçdiyi nəzərə alınaraq, bunların köçürülməsi ilə əlaqədar aidiyyatı təşkilatlarla birlikdə layihələndirmə işləri həyata keçirilməkdədir. Layihələndirmə işləri yekunlaşdıqdan sonra müvafiq tikinti təşkilatları cəlb ediləcək və həmin xətlərin köçürülməsi işlərinə başlanacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31