Azərbaycan 147 ölkə ilə ticarət dövriyyəsi aparıb

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının rezidentləri dünyanın 147 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib. Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, nəticədə 101 ölkəyə əmtəə ixrac olunub, 138 ölkədən idxal olunub. Xarici ticarət dövriyyəsi iştirakçılarının 29-u Amerika, 49-u Avropa, 38-i Asiya və s. ölkələridir. On ay ərzində xarici ticarət dövriyyəsi 36,2 milyard ABŞ dolları təşkil edib ki, bu da 2012-ci ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz artıqdır. Dövriyyənin 27,3 milyard dolları ixracın, 8,9 milyard dolları idxalın payına düşüb.
Ticarət əlaqələrinin 11,6 faizi MDB üzv-iştirakçı dövlətləri ilə, 43,1 faizi Avropa İttifaqı ölkələri ilə, qalan 45,3 faizi isə digər dövlətlərlə qurulub. İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil edib. Qeyri-neft məhsullarının ixracı ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 9,5 faiz artaraq 1,4 milyard dollar təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31