Un və ət məhsulları bahalaşıb

2013-cü ilin noyabr ayında ərzaq məhsullarının qiymətlərinin 1,4 faiz, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin isə 0,1 faiz bahalaşması, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,7 faiz bahalaşmasına səbəb olub. Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, ay ərzində qarabaşaq yarmasının, almanın, xurmanın, limonun, portağalın, naringinin, bananın, şabalıdın, kələmin, çuğundurun, kökün, göyərtinin, şəkər tozunun qiymətlərində ucuzlaşma, unun, düyünün, çörəyin, makaronun, mal və toyuq ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, süd və süd məhsullarının, yumurtanın, kərə yağının, bitki yağlarının, armudun, heyvanın, narın, kartofun, soğanın, sarımsağın qiymətlərində isə bahalaşma müşahidə olunub.

Noyabr ayında qeyri-ərzaq mallarından iri alət və avadanlıqların, telefon faksimil cihazlarının qiymətlərində ucuzlaşma, geyim və ayaqqabıların, inşaat materiallarının, məişət cihazlarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, zərgərlik məmulatlarının qiymətlərində isə bahalaşma müşahidə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31