Deputat əlillərin təqaüdünün artırılmasını təklif etdi
3 Dekabr 2013 15:41 İqtisadiyyat"Əlillərə verilən müavinətlər və pensiyalar ölkə üzrə yaşayış minimumuna çatdırılmalıdır". Bunu deyən millət vəkili Qənirə Paşayevanın sözlərinə görə, ölkə əhalisinin 5,5%-dən çoxunu əlillər təşkil edir. Lakin bu kateqoriyadan olan insanlar bir sıra problemlə üzləşməli olur: "Mən özəlliklə I qrup əlillər başda olmaqla əlillərin onların müavinətlərinin artırılması ilə bağlı xahişlərini səsləndirmək istəyirəm. 2013-cü il üçün yaşayış minimumu ölkə üzrə 116 manat, əmək qabiliyyətli əhali üçün 125 manat, pensiyaçılar üçün 94 manat, uşaqlar üçün 93 manat məbləğində müəyyən edilib. Amma məsələn, I qrup əlillərə 67 manat pensiya verilir. Onlar bildirirlər ki, 67 manatla yaşamaq onlar üçün mümkün deyil, çünki onlar təkcə yemək-içmək ehtiyaclarını deyil, dərman ehtiyaclarını da ödəməlidir ki, bu vəsaitlə onların ehtiyaclarını minimum səviyyədə qarşılamaq mümkünsüzdür. Onlar xahiş edirlər ki, onlara ölkə üzrə yaşayış həddindən aşağı pensiya verilməsin, ən azı bu rəqəm ölkə üzrə yaşayış minimumuna çatdırılsın ki, onlar da öz ehtiyaclarını minimum səviyyədə olsa da belə, ödəyə bilsinlər".