“AtaHolding” və “AtaBank”in yubileyi qeyd edilib
2 Dekabr 2013 15:17 İqtisadiyyat"AtaHolding" Açıq Tipli Səhmdar Cəmiyyətinin 10, "AtaBank"ın isə fəaliyyətə başlamasının 20 illiyinə həsr olunmuş mərasim keçirilib. Heydər Əliyev Mərkəzində baş tutan mərasimi giriş sözü ilə açan "AtaHolding" ASC-nın Müşahidə Şurasının sədri Əhməd Erentok sözügedən şirkətlərin fəaliyyət dövrü, həyata keçirdiyi layihələr və digər mühüm məqamlar barədə məlumat verib. Bildirib ki, 2003-cü ildən etibarən fəaliyyətə başlamış "AtaHolding" ASC iqtisadiyyatın müxtəlif sahələrində investisiya qoyuluşunu, maliyyə vəsaitlərinin, habelə intellektual sərvətlərin idarə olunmasını və korporativ idarəetməni həyata keçirir. "AtaHolding" ASC-nin maliyyə sektorunda "AtaBank" ASC, "AtaSığorta" ASC, "AtaLizinq" ASC, turizm sektorunda "AtaTurizm" MMC, "AtaTravel" MMC və 5 ulduzlu "Excelsior Hotel Baku" mehmanxanası, sənaye sektorunda "AtaSənaye", Informasiya Texnologiyaları sahəsində "AtaTexnologiya" MMC kimi şirkətlərin fəaliyyət göstərdiyini deyən Əhməd Erentok bildirib ki, "AtaHolding" şirkətlər qrupuna daxil olan TTC-lərdə fəaliyyət yüksək peşəkarlıq, yeni texnologiyaların tətbiqi və korporativ idarəetmə prinsipləri üzərində qurulub. O, şirkətin və sözügedən bankın Azərbaycanda bir sıra ilklərə imza atdığını da diqqtə çatdırıb. Sonra "AtaBank"ın dəstəyi ilə yeni imic video çarxı nümayiş olunub. Azərbaycanın reklamçılıq tarixində ilk dəfə Almaniyanın məşhur "Die Mobiles" kölgələr teatrının iştirakı ilə təqdim olunan bu çarxda "AtaBank"ın 20 il ərzində inkişaf yolu, innovativliyə meylliliyi və yarandığı gündən "Bir addım öndə" şüarına sadiq qalaraq öz müştərilərinə yeniliklər təqdim etməsi öz əksini tapıb. Gecədə Üzeyir Hacıbəyovun indiyə qədər heç yerdə səslənməyən Milli Marşı səsləndirilib, "Sevgili canan" musiqisi ilk dəfə balabanda ifa olunub. Eləcə də gecədə digər sənətçilərin bir-birindən maraqlı ifaları səslənib.
Süleyman İsmayılbəyli