NATO-nun “Xeyriyyə bazarı”nda Azərbaycan milli stend və mətbəxlə təmsil olunub
19 Noyabr 2013 17:21 İqtisadiyyatBrüsseldə NATO-nun Mənzil Qərargahında keçirilmiş "Xeyriyyə Bazarı"nda Azərbaycan Respublikası milli məhsullardan ibarət stend və milli mətbəxlə təmsil olunub. Azərbaycanın tədbirdə iştirakı ARDNŞ-in sponsorluğu və Azərbaycanın NATO yanında nümayəndəliyinin təşkilatçılığı ilə baş tutub. "Olaylar" ARDMŞ-ın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri Xəzər İbrahim, ARDNŞ-nin Brüssel nümayəndəliyinin rəhbəri Vüsal Məmmədov, Azərbaycanın Belçikadakı səfirliyinin əməkdaşları və Avropa Parlamentində təcrübə keçən azərbaycanlı gənclərin iştirak etdikləri "Xeyriyyə bazarı"nda Azərbaycan xalçaları, ipəkçilik və dulusçuluq məhsulları, gümüş bəzək əşyaları, suvenirlər, içkilər və digər məhsullar satışa çıxarılmışdır. 39 ölkənin iştirak etdiyi "Xeyriyyə bazarı"nın beynəlxalq restoran hissəsində qonaqlara Azərbaycan mətbəxinin təamları təqdim edilib. Azərbaycanın milli stendi və milli mətbəxi ziyarətçilərdə böyük maraq doğurub və ölkəmizin mədəniyyəti, tarixi və incəsənətinin uğurlu təbliği baxımından faydalı olub. Tədbir zamanı toplanan bütün vəsait NATO tərəfindən xeyriyyə layihələrinə sərf ediləcək. Qeyd edək ki, NATO "Xeyriyyə bazarı" 2005-ci ildən qeyri-kommersiya təşkilatı kimi fəaliyyət göstərir. Məqsəd müxtəlif tədbirlər təşkil etməklə xeyriyyə üçün pul vəsaiti toplamaq, həmçinin NATO hərbi heyəti ilə ictimaiyyət arasında dostluğu möhkəmləndirməkdir.