“Neft-qaz sektorunda milliləşdirmə və miqrasiya məsələlərinin tənzimlənməsi” mövzusunda tədbir keçirilib
15 Noyabr 2013 14:22 İqtisadiyyatNoyabrın 14-də "Fairmont Baku'' otelində ARDNŞ, "BP-Azərbaycan" şirkətləri və Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə "Neft-qaz sektorunda milliləşdirmə və miqrasiya məsələlərinin tənzimlənməsi" mövzusunda tədbir keçirilib. ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev tədbirdə çıxış edərək bildirib ki, dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq gənc neftçi mütəxəssislərin hazırlanması, kadr potensialının cavanlaşdırılması və müasirləşdirilməsi istiqamətində məqsədyönlü işlər aparılır. Azərbaycanda əmək bazarının hüquqi əsaslarının qorunması, miqrasiya qanunvericiliyinə əməl edilməsi neft-qaz sektorunda çalışan əcnəbi şirkətlər üçün mütləq şərtlərdən olmalıdır. ARDNŞ strateji istiqamətdə neft-qaz sektoru kontingentinin milliləşdirilməsini, neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün lazım gələn mütəxəssislərin Azərbaycanda, daxili qüvvələr hesabına hazırlanmasını əsas hədəf götürüb: "Xüsusi vurğulamaq istəyirəm ki, Hasilatın Pay Bölgüsü Sazişləri və tərəfdaşlarla bağlanmış digər saziş və razılaşmalara əsasən həyata keçirilən neft-qaz layihələrində əcnəbi işçi heyətin mərhələlərlə milli kadrlarla əvəzlənməsi, bu məqsədlə təlim-tədris proseslərinin təşkili, tərəfdaşlarla iş birliyinin yaradılması və inkişaf etdirilməsi, bu sahələrdə məlumatların qarşılıqlı mübadiləsi və s. bu kimi digər məsələlərin həllinə nəzarət gücləndiriləcək". Tədbirdə çıxış edən BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell bildirib ki, ARDNŞ və digər əlaqədar dövlət qurumları birgə Azərbaycanda neft və qaz sahəsində ixtisaslaşan yerli işçi qüvvəsinin inkişafına yönəlmiş səyləri birləşdirməyə imkan verəcək uzunmüddətli strategiyanın razılaşdırılması istiqamətində işlər aparılır. Həm hökumət, həm də BP və onun tərəfdaşları layihə və əməliyyatlara cəlb olunan işçi qüvvəsinin böyük əksəriyyətinin azərbaycanlı kadrlar olmasında maraqlıdır. Mərasimdə BP və ARDNŞ arasında üç əməkdaşlıq sənədi imzalanıb.