Əli Məsimli təklif edir
Əhali üçün ucuz qiymətə “xalq evləri” tikmək lazımdır
12 Noyabr 2013 17:40 İqtisadiyyat"Əhalinin aztəminatlı hissəsinin evlə təmin edilməsi Azərbaycan iqtisadiyyatına güclü təkan verə bilər". Bunu deyən millət vəkili Əli Məsimlinin sözlərinə görə, Almaniyanın müharibədən sonrakı təcrübəsi deməyə əsas verir ki, insanları evlərlə təmin etmək, iqtisadiyyatın böyük irəliləyişinə səbəb olur: "Bu təcrübəni Azərbaycanda da tətbiq etməklə biz iqtisadiyyatın inkişafına nail ola bilərik. Bunun üçün ucuz qiymətə - hər kvadratmetri 50-100 manata olan "xalq evləri" tikilməlidir. Bununla biz həm aztəminatlı təbəqənin evlə təmin olunmasına nail oluruqsa, digər tərəfdən, iqtisadiyyatın güclənməsinə nail olacağıq". Əyalətlərin vəziyyəti haqqında danışan Ə.Məsimli bildirib ki, dövlətin qarşısında əsas 4 problem durur. "Bunlar elektrik, su, qaz və yol probleminin həllidir. Əgər buna nail olunarsa, o zaman regionlarımızın da sürətli inkişafına nail ola bilərik. Digər əsas məsələlərdən biri də bölgələrdə yüksək maaşlı iş yerlərini açmaqdır. Bu bir daha özünü son dövrlərdəki Rusiyada yaşanan miqrasiya problemində göstərdi. Biz yerlərdə yüksək maaşlı iş yerləri açmaqla həm miqrant probleminin, həm də regionların inkişafını təmin etmiş olacağıq".