Deputat siyasi partiyalara ayrılan vəsaitin azlığından gileylənib
12 Noyabr 2013 17:26 İqtisadiyyat"Milli Məclisin Ehtiyat fondu yaradılmalıdır". Bu təkliflə millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev çıxış edib. Deputat bildirib ki, Milli Məclisdə nəzərdə tutulmayan tədbirlərin keçirilməsi, xüsusən də parlamentlərarası dostluq qruplarının daha da yaxşı fəaliyyət göstərməsi, yerlərdə fəaliyyətin daha da gücləndirilməsi üçün bu fondun yaradılması vacibdir. Millət vəkili büdcədən partiyalara ayrılan vəsaitin azlığından da şikayət edib: "Başqa bir təklifim isə siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi ilə bağlıdır. Etiraf edək ki, ayrılan vəsait çox kiçik vəsaitdir. Dəfələrlə bu məsələ ilə bağlı hökumət qarşısında məsələ qaldırılıb, amma heç biri nəzərə alınmayıb". Fərəc Quliyev müəllim və həkimlərin də maaşlarının qaldırılmasını təklif edib: "Ölkədə müəllimlər və həkimlərin maaşı çox azdır. Bu sahədə çalışan şəxslərin əmək haqları artırılmalıdır".