Gələn ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə start verildi

Oqtay Əsədov: “2014-cü ilin dövlət büdcəsi layihəsi reallığı və iqtisadi inkişafın səviyyəsini əks etdirir”

Milli Məclisin noyabrın 12-də keçirilən plenar iclasında 2014-cü ilin dövlət büdcəsi layihəsi müzakirəyə çıxarılıb. Əvvəlcə spiker Oqtay Əsədov Konstitusiya günü münasibəti ilə deputatları təbrik edib, deyib ki, 2013-cü il Azərbaycan üçün əhəmiyyətli olub: "Bu il prezident seçkiləri keçirildi, xalqımız növbəti dəfə İlham Əliyevə səs verdi, inkişafa hə dedi. Prezidentin inaqurasiya mərasimi Milli Məclisdə həyata keçirildi. Biz burada baş naziri təsdiq etdik. Daha sonra yeni hökumət formalaşdı. İndi yeni hökumət Milli Məclisdə gələn ilin dövlət büdcəsini təqdim edir". Spiker daha sonra dövlət büdcəsi haqqında danışaraq deyib ki, son on ildə büdcə 2, 4 dəfə artıb: "İqtisadiyyatın müxtəlif sahələrinə 150 milyard dollar sərmayə yatırılıb. Azərbaycan heç vaxt bu qədər güclü olmayıb. Müzakirəyə təqdim olunan 2014-cü ilin dövlət büdcəsi layihəsi reallığı və iqtisadi inkişafın səviyyəsini əks etdirir. Gələn ilin büdcəsi Azərbaycan iqtisadiyyatının sabit inkişafına əminlik yaradır. Belə ki, gələn ilin dövlət büdcəsində ÜDM 75 milyard dollar nəzərdə tutulur ki, bu da neftdən daxil olan gəlirlər hesabına əldə edilməyib". İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə qeyd edib ki, bu ilin büdcə layihəsində adambaşına düşən ümumi daxili məhsulu MDB-də ən yuxarı həddədir: "Bu fərq heç də neft sektoru ilə bağlı deyil. Dövlət büdcəsində qeyri-neft sektorunun çəkisi 30-31 faiz olub. Hesablamalara görə, yaxın dövrdə ÜDM 100 milyarddan çox olacaq". Ziyad Səmədzadə əlavə edib ki, 2014-cü ildə dövlət büdcəsinə Neft Fondundan gəlirləri nəzərə alınmadan 1,2 milyarddan çox proqnozlaşdırılır. 2014-ci ildə vergidən daxilolmaların əvvəlki illə müqayisədə 11 % artacaq. Neft Fondundan daxil olma isə ötən illə müqasyisədə 2 milyard azalır. Qeyri neft sektorunda isə daxilolmalar bir qədər artacaq. Maraqlı cəhətlərdən biri də, yerli gəlirlərin artmasıdır. Beş şəhər-Sumqayıt, Mingəçevir, İmişli, Abşeron şəhərləri dövlət büdcəsindən dotasiya almadan özünü təmin edəcək: "Gömrük siyasətinin rolu da əhəmiyyətli şəkildə artıb. Daxilolmalar 1, 5 milyard manat təşkil edəcək. Bu ötən illə müqayisədə 9,4 faiz çoxdur. Hökumət dövlət büdcəsinin hazırlayan zaman maliyyə iqtisadi böhranın təsirlərini nəzərə alaraq buna ehtiyatla yanaşıb. Dövlət büdcəsi nəzərdə tutan xərcləri iqtisadi islahatları, dövlətin təhlükəsizliyini təmin etmək, qeyri-neft sektorunun inkişafı, müəssisələrin inkişafının stimullaşdırılmasını təmin edəcək". Büdcə layihəsini təqdim edən maliyyə naziri Samir Şərifov qeyd edib ki, 2014-cü ildə dövlət büdcəsinin gəlirləri 18 mlrd. 384 mln. manat, xərcləri isə 20 mlrd. 63 mln. manat həcmində proqnozlaşdırılır. 2013-cü il üzrə isə bu göstərici müvafiq olaraq 19 mlrd. 159 mln. manat və 19 mlrd. 850 mln. manat gözlənilir. 2014-cü il dövlət büdcəsi gəlirlərinin 9,3 milyard manatını və ya ümumi büdcə daxilolmalarının 50,8%-ni Dövlət Neft Fondundan transferlər, 7,1 milyard manatını və ya 38,6%-ni Vergilər Nazirliyi, 1,5 milyard manatını və ya 8,2%-ni Gömrük Komitəsinin xətti ilə, 0,4 milyard manatını və ya 2,2%-ni büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 0,2%-ni isə digər daxilolmalar təşkil edir. Dövlət Neft Fondundan transfer azalacaq, qeyri-neft sektoru üzrə daxilolmaların artması proqnozlaşdırılır". Nazir bildirib ki, sosialyönümlü xərclərin dövlət büdcəsi xərclərinin 5,337 mlrd. manat proqnozlaşdırılır. Bu da 2013-cü il proqnozuna nisbətən 5,9 faiz və ya 299 mln manat, çoxdur. O bildirib ki, gələn ilin dövlət büdcəsində müdafiə xərclərinin 1 mlrd. 637 mln. 362 min manat olması proqnozlaşdırılır. Kənd təsərrüfatı, meşə, nəqliyyat, rabitə xərclərinə ümumilikdə 1 mlrd. 167 mln. manat vəsait proqnozlaşdırılır. Sahibkarların güzəştli kreditlərlərlə təminatı, maliyyə dəstəyi üçün Sahibkarlığa Kömək Milli Fonduna 150 mln. manat vəsait nəzərdə tutulub. Aqrolizinq üçün dövlət büdcəsindən 35 mln. manat ayrılacaq. Sosial ipoteka üçün dövlət büdcəsindən 40 mln. manat vəsait ayrılacaq. Dövlət büdcəsinin əsas xərclərində ilk Avropa Yay Olimpiya oyunları ilə bağlı da müvafiq xərclər proqnozlaşdırılır. 2014-cü ildə dövlət büdcəsinin kəsiri 1,679 mlrd. manat proqnozlaşdırılır. Büdcə kəsirinin örtülməsi üçün özəlləşdirmədən gələn daxilolmalar, bu ilin büdcə qalığı və digər vəsaitlər yönəldiləcək. Samir Şərifov deyib ki, 57 səfirlik və 5 beynəlxalq təşkilatları yanında fəaliyyət göstərən daimi nümayəndəlik və 9 konsulluq üçün, ümumilikdə 781 diplomatik korpusun saxlanması üçün 58 milyon manatın ayrılması nəzərdə tutulur: "Üzv olduğumuz beynəlxalq təşkilatlara, konvensiyalara və maliyyə institularına üzvlük haqqının verilməsi üçün 20 milyon manat, ümumilikdə isə beynəlxalq fəaliyyəti üçün 127 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Dünyada iqtisadi böhran davam etdiyi bir dövrdə Azərbaycanda əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində cari ildə sosial sahədə çalışanların əmək haqları, pensiya və müavinətlər 10 faiz artırılıb. Cari ildə əmək haqları, pensiya və müavinətlərin verilməsində 10 faiz artıma uyğun olaraq 2014-cü il büdcəsində müvafiq vəsait ayrılıb. Səhiyyənin inkişafı üçün ayrılan vəsaitlər də 2014-cü il büdcəsində öz əksini tapıb. Xroniki böyrək çatışmazlığı üçün 30 milyon, xərçəngin müalicəsi üçün 40 milyon, şəkərli diabet 34 milyon manat, hemofiliya və talassemiya üçün 11,2 milyon manat vəsait ayrılıb. Hazırda əsas hədəf vergidənyayınmanın qarşısını almaq, vergi borclarının ləğv olunmasını, qeyri-neft sektorundan gələn gəlirlərin həcminin və əmsalının artırılmasına nail olmaqdır".
Onun sözlərinə görə, növbəti ilin icmal büdcənin gəlirləri 21milyard 986 milyon gəlir, xərcləri 24 milyard 444 milyon nəzərdə tutulub. İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənovada çıxışı zamanı əsasən artım gözlədikləri sahələr üzrə danışıb. Bidirib ki, ölkədə iqtisadi inkişaf davamlı inkişaf edir, regionlar üzrə infrostrukturun qurulması prosesi həyata keçirilir. Hökumət və Hesablama Palatası nümayəndələrinin çıxışından sonra deputatlar büdcə layihəsinin müzakirəsini davam etdiriblər.
 

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31