Müəllimlərin maaşları 800-1000 manat ola bilər
12 Noyabr 2013 17:10 İqtisadiyyat"Müəllimlərin maaşının növbəti illərdə 800-1000 manata qaldırılması ilə bağlı addımlar atılmalıdır". Bu sözlər Milli Məclisin bugünkü iclasında deputat Əli Məsimli deyib. O bildirib ki, dövlət büdcəsindən təhsil sahəsinə ayrılan vəsaiti Ümumi Daxili Məhsulun 5 faizi həcminə qədər artırmaqla müəllimlərin maaşlarını da orta aylıq əmək haqqından yüksəyə qaldırmaq mümkündür: "İndi təhsilə ayrılan vəsait Ümumi Daxili Məhsulun 1,7 faizi həcmindədir. Ölkədə məktəb direktorları 300 manatdan çox maaş almırlar. Ancaq təhsilə ayrılan vəsaiti ÜDM-nin 5 faizi həcminə qaldırmaqla müəllimlərin maaşlarını 800 manata qədər artırmaq olar".
Deputatın sözlərinə görə, bu artımı birdəfəyə həyata keçirmək mümkün deyil, ancaq mərhələ-mərhələ bunu reallaşdırmaq mümkündür: "Müəllimlərin maaşlarını əvvəlcə orta aylıq əmək haqqı səviyyəsinə, daha sonra isə təhsil sahəsinə ayrılan vəsaiti bir qədər də artırmaqla onların maaşlarını orta əmək haqqından da yüksək səviyyəyə çıxarmaq olar".