Büdcənin strukturunda dəyişiklik edilib
Qeyri-neft sektorundan gəlirlər artıb
6 Noyabr 2013 16:50 İqtisadiyyatNoyabrın 6-da Milli Məclisin 6 komitəsində- elm və təhsil, mədəniyyət məsələləri, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, hüquq siyasəti və dövlət quruculuğu, insan hüquqları və regional məsələlər komitələrinin birgə iclasında 2014-cü il dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsinin müzakirəsi aparılıb. İclasa sədrlik edən millət vəkili, Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib ki, 2014-cü ilin dövlət büdcəsini fərqləndirən əsas cəhət növbəti və sonrakı üç il üçün verilən proqnozlardır: "Ölkənin 2020-ci ilədək qarşıya qoyduğu hədəflərə nail olmağı cavabını bu proqnozlarda tapmaq olar. Dünyada iqtisadi böhran davam etsə də, Azərbaycanda gedən makroiqtisadi göstəricilər normaldır. Bu makroiqtisadi göstəricilərin ölkənin potensial iqtisadiyyatının inkişafına və gözlənilən böhranlardan qorunmağa imkan verir. Bununla da 2020-ci il strategiyasına çatmaq üçün bütün hədəflər burada öz əksini tapıb. Bu büdcəni fərqləndirən əsas cəhətlərdən biri onun formalaşdırılmasında neft və qeyri-neft sektoru nisbətinin dəyişməsi, nətisədə qeyri-neft sektoruna üstünlük verilməsidir. Yaxın gələcəkdə qeyri- neft sektorunun yükü artacaq. Proqnozlara baxsaq, 2017-ci ildə büdcənin formalaşmasında neft sektorunun payı 27 faiz olacaq. Bu, bir daha göstərir ki, qeyri-neft sektoru Azərbaycanda artıq oturuşmuş bir sistemdir və bunun nəticəsində büdcə gəlirləri artacaq. Təhsil xərcləri cari il ümumi büdcənin 12 faizi olub. Təhsil xərcləri gələn ilin büdcəsində 15 faiz artırılacaq, mədəniyyət də bu civarda olacaq. Sosial sahələrə ayrılan vəsaitələrin həcmi ÜDM, həm də büdcə xərclərində ilbəil artacaq. Təhsildə islahatların və effektivliyin artırılması məqsədilə bir sıra layihələr həyata keçirilir. Bunun üçün kifayət qədər vəsait ayrılıb. Belə ki, növbəti ilin büdcəsindən təhsil üçün 1 milyard 653 milyon manat artılacağı gözlənilir". Layihə barədə məlumat verən maliyyə naziri Samir Şərifov bildirib ki, büdcə paketi prezident İlham Əliyevin müəyyən etdiyi sosial-iqtisadi strategiyaya uyğun olaraq hazırlanıb. Belə ki, 2014-cü ildə dövlət büdcəsinin gəlirləri 18 mlrd. 384 mln. manat, xərcləri isə 20 mlrd. 63 mln. manat həcmində proqnozlaşdırılır. 2013-cü il üzrə isə bu göstərici müvafiq olaraq 19 mlrd. 159 mln. manat və 19 mlrd. 850 mln. manat gözlənilir. 2014-cü il dövlət büdcəsi gəlirlərinin 9,3 milyard manatını və ya ümumi büdcə daxilolmalarının 50,8%-ni Dövlət Neft Fondundan transfertlər, 7,1 milyard manatını və ya 38,6%-ni Vergilər Nazirliyi, 1,5 milyard manatını və ya 8,2%-ni Gömrük Komitəsinin xətti ilə, 0,4 milyard manatını və ya 2,2%-ni büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 0,2%-ni isə digər daxilolmalar təşkil edir. O, Dövlət Neft Fondundan transfertin azalacağının, qeyri-neft sektoru üzrə daxilolmaların artmasının proqnozlaşdırıldığını qeyd edib. Nazir bildirib ki, sosialyönümlü xərclərin dövlət büdcəsi xərclərinin 5,337 mlrd. manat proqnozlaşdırılır. Bu da 2013-cü il proqnozuna nisbətən 5,9 faiz və ya 299 mln manat, 2012-ci ilin icra göstəricisinə nisbətən 597 mln. manat çoxdur. O, bildirib ki, gələn ilin dövlət büdcəsində müdafiə xərclərinin 1 mlrd. 637 mln. 362 min manat olması proqnozlaşdırılır. Kənd təsərrüfatı, meşə, nəqliyyat, rabitə xərclərinə ümumilikdə 1 mlrd. 167 mln. manat vəsait proqnozlaşdırılır. Sahibkarların güzəştli kreditlərlərlə təminatı, maliyyə dəstəyi üçün Sahibkarlığa Kömək Milli Fonduna 150 mln. manat vəsait nəzərdə tutulub. Naxçıvan MR-na isə bu məqsədlə 5 mln. manat vəsait proqnozlaşdırılıb. Aqrolizinq üçün dövlət büdcəsindən 35 mln. manat ayrılacaq. Sosial ipoteka üçün dövlət büdcəsindən 40 mln. manat vəsait ayrılacaq. Dövlət büdcəsinin əsas xərclərində ilk Avropa Yay Olimpiya oyunları ilə bağlı da müvafiq xərclər proqnozlaşdırılır. 2014-cü ildə dövlət büdcəsinin kəsiri 1,679 mlrd. manat proqnozlaşdırılır. Büdcə kəsirinin örtülməsi üçün özəlləşdirmədən gələn daxilolmalar, bu ilin büdcə qalığı və digər vəsaitlər yönəldiləcək. Samir Şərifov deyib ki, 57 səfirlik və 5 beynəlxalq təşkilatları yaninda fəaliyyət göstərən daimi nümayəndəlik və 9 konsulluq üçün, ümumilikdə 781 diplomatik korpusun saxlanması üçün 58 milyon manatın ayrəılması nəzərdə tutulur: "Üzv olduğumuz beynəlxalq təşkilatlara, konvensiyalara və maliyyə institularına üzvlük haqqının verilməsi üçün 20 milyon manat, ümumilikdə isə beynəlxalq fəaliyyəti üçün 127 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur". Maliyyə naziri diqqətə çatdırıb ki, dünyada iqtisadi böhran davam etdiyi bir dövrdə Azərbaycanda əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində cari ildə sosial sahədə çalışanların əmək haqları, pensiya və müavinətlər 10 faiz artırıldı. Cari ildə əmək haqları, pensiya və müavinətlərin verilməsində 10 faiz artıma uyğun olaraq 2014-cü il büdcəsində müvafiq vəsait ayrılıb. S.Şərifov eyni zamanda yeni fondların təsis edilməsi, yeni proqramların həyata keçirilməsi istiqamətində də addımların büdcədə nəzərdə tutulduğunu bildirib. "Təhsildə strategiyadan irəli gələn vəzifələrin icrası üçün məqsədli olaraq vəsaitlər nəzərdə tutulur. Elmin İnkişaf Fonduna, Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutlarının laborityalarla təhciz edilməsi, latın qrafikalı kitabların çapı nəzərdə tutulub. Səhiyyənin inkişafı üçün ayrılan vəısaitlər də 2014-cü il büdcəsində öz əksini tapıb. Xroniki böyrək çatşmazlığı üçün 30 milyon, xərçəngin müalicəsi üçün 40 milyon, şəkərli diabet 34 milyon manat, hemofiliya və talassimiya üçün 11,2 milyon manat vəsait ayrılıb. Hazırda əsas hədəf vergidənyayınmanın qarşısını almaq, vergi borclarının ləğv olunmasını, qeyri-neft sektorundan gələn gəlirlərin həcminin və əmsalının artırılmasına nail olmaqdır". Müzakirələrdən sonra qanun layihəsinin parlamentin plenar iclasına çıxarılması tövsiyyə edilib.
Alim