Mərkəzi Bank sorğu keçirir
5 Noyabr 2013 17:52 İqtisadiyyatMərkəzi Bank bu ilin sentyabr ayından başlayaraq "Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri" sorğusunun keçirilməsinə başlayıb. Sorğunun nəticələri əsasında İstehlakçı İnam İndeksi və İnflyasiya gözləntiləri indeksi hesablanır. Sorğuda iştirak edən respondentlər (4250 ev təsərrüfatı) ölkənin bütün regionlarını əhatə etməklə respondentlərin gəlir səviyyəsinə, məşğuliyyət növünə, iş rejiminə, təhsilinə, yaşına və cinsinə görə təsnifləşdirilib.
"Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri" sorğusunun keçirilməsi üçün metodoloji baza kimi Avropa Komissiyası tərəfindən qəbul edilmiş "The Joint Harmonised EU Programme of Business and Consumer Surveys", İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Statistika departamenti tərəfindən hazırlanmış "Business Tendensy Surveys: A Handbook" metodoloji təlimatlarından və eləcə də bu işə hazırlıq dövründə İsveçrənin SEKO təşkilatının dəstəyi ilə iqtisadi konyunkturun müşahidəsilə məşgul olan KOF İnstitutunun (İsveçrə) texniki dəstəyindən istifadə edilib.
Sorğunun nəticəsinə görə sentyabr ayında İstehlakçı inam indeksi 30.01 bazis bəndi səviyyəsində hesablanıb. Bu indeks beynəlxalq təcrübədə kifayət qədər yüksək hesab olunur və istehlakçıların gözləntilərinin, əhval-ruhiyyəsinin optimist olmasını əks etdirir. Eyni zamanda respondentlər gələcək aylarda inflyasiyanın aşağı səviyyədə gözlədiklərini də bildiriblər("OLAYLAR" İA).