Çətinliklər Britaniya iqtisadiyyatına təsir edəcək
Lord titullu maliyyəçi vahid valyuta zonasının əvvəldən səhv olduğunu bildirib
7 Mart 2016 13:48 İqtisadiyyatAvrozonada yaşanan çətinliklər Britaniyanın Avropa Birliyində qalmasından və ya onu tərk etməsindən asılı olmayaraq ölkənin iqtisadiyyatına təsir edəcək. ANS PRESS-in məlumatına görə, bu sözləri İngiltərə Bankının keçmiş sədri Mervin Kinq "BBC"yə verdiyi müsahibədə bildirib. Lord titullu maliyyəçi vahid valyuta zonasının əvvəldən səhv olduğunu bildirsə də, Avrozonanın Britaniyanın ən böyük ticarət tərəfdaşı qalacağını diqqətə çatdırıb. Avroskeptik olan Mervin Kinq qlobal maliyyə böhranı dövründə Britaniya Mərkəzi Bankının sədri olub və 2013-cü ildə istefa verib. Britaniyanın Milli Statistika İdarəsinə görə, Böyük Britaniya 2014-cü ildə Avrozona ölkələrinə 200 milyard funt sterlinq məbləğində məhsul və xidmət ixrac edib. Avropa Birliyinin 28 üzvündən 19-u vahid valyuta olaraq avrodan istifadə edir. Bu arada Almaniyanın maliyyə naziri isə Britaniyanın Avropa İttifaqını tərk etməsiylə dünya "iqtisadiyyatını zəhərləyicəyini" bəyan edib. Volfqanq Şöbl Britaniyanın Avropa Birliyini tərk edəcəyi təqdirdə belə ittifaqla azad ticarət müqaviləsinin bağlanmasını vacib sayır. Nazirin sözlərinə görə, Britaniya Avropa Birliyi ilə yollarını ayıracağı halda, son illərin ən çətin danışıqları başlaya bilər.