Əmanətlərin sığortalanması təqdir olunandır
Problemli kreditlərlə bağlı da təşəbbüslər olmalıdır
3 Mart 2016 13:36 İqtisadiyyatBir müddət əvvəl Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən "Əmanətlərin sığortalanması haqqında" qanuna edilən dəyişikliklər dövlət başçısı tərəfindən təsdiq olunub. Qanuna əsasən, Əmanətlərin Sığortalanması Fondu tərəfindən borc vəsaitləri cəlb edildikdə iştirakçı banklar Fondun öhdəlikləri tam yerinə yetirilənədək təqvim haqları ilə yanaşı əlavə haqlar ödəyirlər. Əlavə haqlar Fondun götürdüyü borcun məbləğindən və qaytarılması şərtlərindən asılı olaraq, lakin qorunan əmanətlərin rüb ərzində orta günlük qalıq məbləğinin 0,1 faiz həcmindən çox olmamaq şərti ilə ödənilir. Yeni qanuna qədər əlavə haqlar Fondun götürdüyü borcun məbləğindən və qaytarılması şərtlərindən asılı olaraq, lakin qorunan əmanətlərin rüb ərzində orta günlük qalıq məbləğinin 0,2 faiz həcmindən çox olmamaq şərti ilə ödənilirdi.
Bundan başqa, Əmanətlərin Sığortalanması Fondunun borc vəsaitlərinin cəlb edilməsi ilə bağlı maddəyə də dəyişiklik edilib. Qanunda edilən dəyişikliyə əsasən, Fondun likvid aktivləri son hesabat dövrünə qorunan əmanətlərin bir faizindən aşağı düşdükdə və ya kompensasiyaların ödənilməsi üçün vəsaitin kifayət etməməsi ehtimalı yarandıqda Himayəçilik Şurası Fond tərəfindən borc vəsaitlərinin cəlb edilməsi barədə qərar qəbul edəcək.
İndiki situasiyada belə bir qanunun qəbul edilərək təsdiq olunması mühüm əhəmiyyət kəsb edir. Ötən ilin sonlarında ölkənin maliyyə bazarında baş verən proseslər, banklara, eləcə də həmin maliyyə təşkilatlarına qoyulan əmanətlərə inamı azaltmışdı. Bu səbəbdən əmanətlərə olan etibarı geri qaytarmaq zəruri idi.
İndiki halda əmanətlərin sığortalanması haqqında qanunun təsdiq olunması iqtisadçılar tərəfindən də müsbət qiymətləndirilir. İqtisadçı ekspert
Qubad İbadoğlu bildirib ki, əmanətlərin şərtlərlə və gec də olsa da tam sığortalanması təqdir olunandır. Onun sözlərinə görə, amma hazırkı şəraitdə banklara olan etibarın qaytarılmasına yalnız bu sistemin tətbiqi ilə nail olmaq mümkün deyildir: "Əmanətlərin şərtlərlə və gec də olsa da tam sığortalanmasını təqdir edirəm. Bununla yanaşı diqqəti 2 vacib məqama cəlb etmək istəyirəm. Əvvala, əmanətlərin tam sığortalanması sistemi bu istiqamətdə risklərin idarəolunmasına xidmət edir. Hazırda böhranlı vəziyyətə düşən bank sisteminin köklü problemlərinin həllində əhəmiyyətli rol oynamır. Bu sistem əsasən "yanğın söndürmə funkisyası"nı yerinə yetirir, banklar bağlananda, bir sözlə "yananda" işə düşür və onların əmanətçilər qarşısında yerinə yetirilə bilməyən öhədliklərinin icrasını təmin edir. Düzdür, bu sistemin həm də bank sisteminə etibar qazandırmaq kimi profilaktik funksiyası da var. Amma indiki şəraitdə banklara olan etibarın qaytarılmasına yalnız əmanətlərin tam sığortalanması sisteminin tətbiqi ilə nail olmaq mümkün deyildir. Artıq gecdir. Əslində görünən odur ki, hökümət bu qərarı bankları deyil, əmanətçiləri " yanğından" xilas etməyə yönəlib". Qubad İbadoğlu deyib ki, əslində isə Mərkəzi Bank ilk növbədə bankların sağlamlaşdırılmasına nail
olmalı və onların böhrandan çıxarılması üçün kapitallarının təmərküzlərşməsinə, konsolidasiyasına yönələn siyasəti davam etdirməli, bank bazarında rəqabəti dəstəkləməlidir: "Əks tədqirdə "parnik bankları"nın xərclərini dövlət ödəməli olacaq. İkincisi, əmanətlərin tam sığörtalanma sistemi bankların yığım siyasəti ilə bağlı olaraq yalnız əmanətçi müştərilərlə banklar arasında münasibətlərin tənzimlənməsinə xidmət etdiyindən bu dəyişiklik getdikcə ciddiləşən problemli kreditlərin çözülməsinə töhfə verə bilmir. Odur ki, bank sisteminin mövcud problemlərinin həllinə kompleks yanaşmaq üçün problemli kreditlərlə bağlı da təşəbbüslər olmalıdır. Bu istiqamətdə atılacaq əsas addımlardan biri Mərkəzi Bankın nəzdində problemi kreditlər üzrə agentliyin yaradılması və bu problemin mərkəzləşdirilmiş qaydada həllinə səy göstərilməsidir. Əks tədqirdə ayrı-ayrı bankların bu sahədə mövcud problemi müxtəlif vasitələrlə fərdi müstəvidə həll etməsi müştərilərlə banklar arasında münaqişələrin çoxalmasını şərtləndirəcək".
Kamal