Qarşımızda yeni perspektivlər açılır
2 Mart 2016 12:22 İqtisadiyyatQeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında cənab Prezidentin imzaladığı fərman həm ölkədə istehsalın və yeni iş yerlərinin artması, həm də istehsal mədəniyyətinin yüksəlməsi baxımından olduqca önəmlidir. "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən millət vəkili Sahib Alıyev bildirib ki, bundan sonra hər bir iş adamı xaricə satışa çıxardığı malın dəyərinin 3 faizi məbləğində dövlətdən əlavə pul alacaq: "Əgər iş adamlarımızda təpər varsa, əgər biz işçi olaraq öz işimizi peşəkarlıqla, məsuliyyətlə və ləyaqətlə yerinə yetirə biləcəyiksə, qarşımızda yeni perspektivlər açılır". Millət vəkili deyib ki, öz işini peşəkarlıqla, ləyaqətlə və məsuliyyətlə görmək lazımdır: "İstehsal etdiyimiz Azərbaycan malını yüksək keyfiyyətlə buraxmaq elə Azərbaycanı sevmək, Azərbaycana hörmət gətirmək deməkdir. Dövlətin istədiyi də budur və əlindən gələni edir ki, onun vətəndaşları yaxşı çalışıb yaxşı da yaşasınlar".