Kənd təsərrüfatı kooperasiyalarının yaradılması müşkül məsələyə çevrilib
Hələlik bunun üçün mexanizm yaradılmayıb
1 Mart 2016 13:40 İqtisadiyyatAzərbaycan Respublikasının iqtisadi rayonlarının demoqrafik göstəricilərinə əsasən bölgələrdə yaşayan insanların 53,1 faizi kənd əhalisinin payına düşür. Onların illik ailə büdcəsinin 73,1 faizi məhz aqrar sahədə əldə edilən gəlirlər hesabına formalaşır. Ölkə əhalisinin yarıdan çoxunun kənd yerlərində yaşaması bu sahənin daim diqqət mərkəzində saxlanmasını zəruri edir. Elə bu səbəbdən Azərbaycanda aqrar sahənin inkişafını təmin etmək məqsədilə kənd təsərrüfatı kooperasiyalarının yaradılması nəzərdə tutulur. Hətta bu məqsədlə "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun da qəbul edilib. Mütəxəssislər hesab edirlər ki, ölkədə kənd təsərrüfatı kooperasiyalarını yaratmaqla bu sahənin inkişafına nail omaq mümkündür. Ancaq məsələ orasındadır ki, hazırki şəraitdə bu qanunun icrası mümkündürmü, bunun üçün lazım olan mezanizm mövcuddurmu?
Kənd təsərrüfatı kooperasiyasının üstünlükləri
Xatırladaq ki, "Kənd təsərrüfatı kooperasiyası haqqında" kənd təsərrüfatı kooperasiyasının formalaşması və inkişafı, kənd təsərrüfatı kooperativlərinin təşkili və fəaliyyətinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Qanunun məqsədi Azərbaycanda kənd təsərrüfatı kooperasiyasının formalaşmasına və inkişafına təkan vermək, kənd təsərrüfatı məhsulları istehsalçılarının könüllü birləşməsi əsasında iri kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal potensialından səmərəli istifadə etməklə rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və məhsuldarlığı artırmaq, kooperasiya iştirakçılarının iqtisadi, sosial və digər maraqlarını qorumaqdır. Kənd təsərrüfatı kooperasiyası - kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən öz maddi və sosial tələbatlarının ödənilməsi məqsədilə həyata keçirilən könüllü birgə fəaliyyət, kənd təsərrüfatı kooperativi- kənd təsərrüfatı məhsulları istehsalçılarının birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub, iştirakçılarının maddi və sosial tələbatlarının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədi ilə yaradılan hüquqi şəxsdir. Qanuna əsasən, illik istehsalın 60%-dən az olmayan hissəsini bitkiçilik, heyvandarlıq, kənd təsərrüfatı və su bioresurslarından, o cümlədən onların məhsullarının emalından əldə edən kooperativ kənd təsərrüfatı kooperativinə aid edilir. Kənd təsərrüfatı kooperasiyasının inkişafına dövlət dəstəyinin əsas istiqamətlərinə kooperativlər üçün sığorta mexanizminin təkmilləşdirilməsi, kooperativlərə və kənd sakinlərinə göstərilən maliyyə-kredit xidmətlərinin genişləndirilməsi, kooperativlərin güzəştli şərtlərlə kreditləşməsinin təmin edilməsi, kooperativlərin istehsal vasitələrinə olan tələbatının güzəştli lizinq şərtləri hesabına təmin edilməsi, kooperativlərə torpaq sahələrinin, gələcək məhsulların və tikinti obyektlərinin girov qoyulması yolu ilə kredit ayrılması və kooperativlər üçün kredit zəmanəti fondunun yaradılması daxildir. Kooperativlər dövlət və bələdiyyə orqanları və hüquqi şəxslərlə birlikdə kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satış bazarlarının təşkilində iştirak edə və ya belə bazarları təşkil edə bilərlər. Kənd təsərrüfatı məhsulları bazarlarında kooperativlərə ticarət yerlərinin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Bir daha qeyd edək ki, kənd təsərrüfatı kooperasiyasının üstünlükləri danılmazdır. Mahiyyət etibarilə gəlir gətirən biznesdir. Yoxsulluğun və işsizliyin aradan qaldırılması üçün gözəl vasitədir. Sosial ədalət, qarşılıqlı inam və anlayışın bərqərar olmasını təmin edən fəaliyyət növüdür. Yeri gəlmişkən qeyd edək ki, kənd təsərrüfatı kooperasiyalarının yaradılması qətiyyən kolxoz və sovxozların bərpası kimi yozulmamlıdır. Çünki, onlar mülkiyyət və idarəetmə baxımından bir-birlərindən kəskin şəkildə fərqlənirlər. Ancaq buna nail olmağın müxanizmi hələ ki, işlənib hazırlanmayıb. Təkcə qanun qəbul etməklə bu sahəni dirçəltmək qeyri-mümkündür. Məlumat üçün qeyd edək ki, yerli kənd əhalisi arasında aqrar sahə üzrə bilik və bacarıqların olmaması, aqarar sahədə mütəxəssislərin yoxluğu, tədarükçülərin əlaqələrinin sıfır səviyyədə olması, idarəetmə bacarığının zəif olması və nəhayət, kənd təsərrüfatı texnikasının olmaması hələ ki, kənd təsərrüfatı kooperasiyalarının yaradılmasını mümkünsüz edir. Xatırladaq ki, keçmiş sovxoz və kolxozlar dağıldıqdan conra onlara məxsus kənd təsərrüfatı texnikaları üzvlər arasında bölüşdürüldü. Torpaqlar əkilib-becərilmədiyindən vətəndaşlar həmin texnikanı sataraq minimum ehtiyaclarını təmin etdilər. Artıq demək olar ki, bir sıra dağ rayonlarında gənclər tpraktor və kombaynın nə olduğunu təsəvvür belə edə bilmirlər. Çünki, torpaqlar illərlədir becərilmir, yeni texnika almaq isə kəndlinin imkanı xaricindədir.
Mövcud problemlər və həlli yolları
Kənd təsərrüfatı kooperasiyalarının yaradılmasına maneə olan digər bir amil ölkədə həyata keçirilən torpaq islahatının tam başa çatdırılmamasıdır. Məlumat üçün qeyd edək ki, ötən əsrin 90-cı illərindən başlanılan torpaq islahatı zamanı yol verilən əyintilər indi kəndli üçün əməlli-başlı problemə çevrilib. Düzdür, torpaq islahatının təmin edilməsi məqsədilə lazım olan bütün qanunvericilik bazası yaradılıb. Ancaq onun icrası zamanı yol verilən nöqsanlar hələ də aradan qaldırılmayıb. Belə ki, keçmiş MDB ölkələrində ilk olaraq Azərbaycanda həyata keçirilən torpaq islahatı nəticəsində 3 milyon 500 minə qədər insan torpaq mülkiyyətçisinə çevrildi. Bu isə yeni, güclü mülkiyyətçilər sinfi yaratmaqla, yeni torpaq əkinçi münasibətləri formalaşdıraraq, torpaqdan səmərəli və məhsuldar istifadəetməni şərtləndirdi, torpağa qayğı və doğma münasibəti zəruri etdi. Respublikamızın ərazisində yaşayan bütün vətəndaşlara harada yaşamasından və kimliyindən asılı olmayaraq torpaqlardan istifadə və icarə hüququ verildi, eyni zamanda Azərbaycanın hər bir vətəndaşı torpaq alqı-satqısı prosesində, torpaqla bağlı müxtəlif müqavilə və əqdlərin bağlanmasında iştirak etmək hüququ əldə etdi. Başqa sözlə, torpaq əmlakçısına çevrilmiş 3 milyon beş yüz min nəfər subyektdən başqa respublika əhalisinin yerdə qalan hissəsi də torpaq - vətəndaş münasibətlərindən kənarlaşdırılmadı. Yəni hər bir Azərbaycan vətəndaşı respublikamızda formalaşan torpaqla bağlı yeni mülkiyyət münasibətlərində birbaşa iştirakçı olma hüququ qazandı.Torpaq islahatlarının başa çatdırılmış birinci mərhələsində Respublikamızda mövcud olmuş 2032 təsərrüfat, yəni kolxoz və sovxozlar ləğv edilərək, onların əkinə yararlı münbit torpaqları əhaliyə paylanılmışdır. Hər bir subyektə verilən torpaq onlara mülkiyyət hüququnu təsdiq edən hüquqi sənəd, Dövlət aktları ilə rəsmiləşdirilərək, naturada sahiblərinə tanıdılıb. Bu mərhələdə işğal olunmuş rayonlarımız istisna olmaqla ölkəmizdə torpaq payı almaq hüququ olan 873 618 ailədən 869 268-nə torpaq payı verilib. Bu isə 3 442 778 subyekt deməkdir. Ölkəmizdə torpaq islahatı 99,5% yerinə yetirilib. Torpaq islahatları nəticəsində torpaq üzərində üç mülkiyyət forması müəyyənləşib. Azərbaycanın vahid torpaq fondunu təşkil edən 8 641 506 hektar torpaq sahəsindən 4 913 639 hektarı, başqa sözlə 56,9%-i dövlət mülkiyyətində saxlanılıb; 2 032 744 hektarı, yəni 23,5%-i bələdiyyə mülkiyyətinə verilib, 1 695 123 hektarı, yəni 19,6%-i isə xüsusi mülkiyyətə ayrılıb. Məsələ orasındadır ki, respublikanın elə rayonları var ki, orada torpaq islahatı tam başa çatdırılmayıb. Yaxud, aparılan islahatlar yerli xüsusiyyətlər nəzərə alınmadan tətbiq edildiyindən torpaqlar istifadəsiz qalıb. Daha dəqiq, torpaq islahatı zamanı püşkatmanın nəticəsinə uyğun olaraq kənd əhalisinin yarıdan çoxuna pay torpaqları göstərilsə də vətəndaşlara Dövlət Aktının verilməsi təmin edilməyib. Yaxud, kəndliyə verilən Dölət Aktı püşkatmanın nəticəsinə görə sənədləşdirilsə də o, tamamilə başqa bir yerdə tprpaq sahəsini hasara salıb. Elə bu səbədən də torpaq islahatının nəticəsi olaraq ölkədə torpaq bazarını yaratmaq mümkün olmayıb. Elə vəziyyət yaranıb ki, çoxlu sayda kəndlinin Dövlət Aktı olmadığından ünvanlı sosial yardım almaqdan məhrum olub. Belə bir şəraitdə torpaqların kənd təsərrüfatı kooperasiyasıməqsədilə birləşdirilməsi real görünmür.
Alim