İstehlakçı malın keyfiyyətli və təhlükəsiz olduğunu necə müəyyən etməli?
29 Fevral 2016 13:31 İqtisadiyyatStandartlara cavab verməyən, keyfiyyətsiz, müvafiq sertifikatları olmayan qida məhsullarının bazara yol açması ölkə ictimaiyyətini narahat edən məsələlərdəndir. Məhsulların daşınması və saxlanması zamanı normativ sənədlərin tələblərinin pozulması, ticarət obyektlərinin zəruri avadanlıqlarla təchiz edilməməsi, ticarət şəbəkələrində satılan mallara olan tələblərə riayət olunmaması və s. kimi məsələlər istehlakçı hüquqlarının pozulmasına gətirib çıxarır. Belə bir mərhələdə təbii ki, əhalinin keyfiyyətli və təhlükəsiz mallarla etibarlı təminatını nəzarətdə saxlamaq, istehlakçıların hüquqlarının müdafiəsini gücləndirmək kifayyət qədər çətin və məsuliyyətli bir vəzifəyə çevrilmişdir. Mövcud qanunvericiliyə görə hər bir istehlakçının malın keyfiyyətinə və təhlükəsizliyinə zəmanət almaq hüququ vardır. Bu o deməkdir ki, istehlakçı aldığı malın qeyd olunan xüsusiyyətləri barədə tam əmin olmalı və ticatət obyekti buna təminat verməlidir. Bu baxımdan da sahibkarlar malın istehsalı, emalı, tədarükü, saxlanması, daşınması və satışı mərhələlərində onun keyfiyyətli və təhlükəsiz olmasını təmin etməyə borcludur. Bu sahəyə nəzarət edən müvafiq dövlət orqanları tərəfindən malların keyfiyyəti və təhlükəsizliyi ilə bağlı mütəmadi nəzarət tədbirləri həyata keçirilsə də, bəzən lazımi keyfiyyət tələblərinə cavab verməyən, insan həyatı, sağlamlığı və ətrah mühit üçün təhlükə törədən mallar bazara yol tapa bilir. Şübhəsiz, istehlakçılar malın keyfiyyəti və təhlükəsizilyi barədə tam məlumatlı olmadıqda və ya bu məlumatları əldə edə bilmədikdə bu cür mallar hər bir istehlakçının süfrəsinə kimi çıxa bilir ki, bu da sonda müxtəlif fəsadlarla nəticələnir. Belə olan təqdirdə istehlakçı mal alarkən onunkeyfiyyətli olduğunu necə müəyyən etməlidir?
Sənədi olmayan mallar təhlükəlidir
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən verilən məlumata görə, hər bir mal müvafiq standartın və digər normativ-texniki sənədlərin tələblərinə uyğun istehsal edilməli və yalnız bundan sonra ticarət dövriyyəsinə çıxarılmalıdır. Texnoloji proseslərə düzgün əməl edilmədən istehsal olunan məhsulların keyfiyyət əlamətlərində və təhlükəsizlik göstəricilərində ciddi dəyişikliklərə səbəb ola bilir. Araşdırmalar göstərir ki, kifayət qədər sterilizə edilməmiş məhsulda məhv olmamış mikroorqanizmlər qalır ki, onların inkişaf edərək çoxalması nəticəsində qaz yaranır, məhsulun turşuluğu artır. Digər tərəfdən bu cür məhsulda mikroorqanizmlər geniş yayıla bilir ki, bu da son nəticədə insan həyatı və sağlamlığı üçün ciddi fəsadlara yol aça bilir. Eyni zamanda malların daşınması, saxlanması, satışı zamanı mövcud ticarət qaydalarına, sanitar norma və qaydalara və digər tələblərə ciddi riayət olunmalıdır. Mallar ticarət və ictimai iaşə obyektlərinə mənşəyini, keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədlər (qaimə, uyğunluq sertifikatı və s.) əsasında qəbul edilməlidir. Alacağınız malın keyfiyyət və təhlükəsizliyinə tam əmin olmaq üçün satıcıdan həmin sənədlər tələb edilməlidir. Qeyd olunan sənədləri olmayan mallara almayın. Nəzərinizə çatdırmaq istəyirik ki, müvafuq dövlət qurumları tərəfindən aparılan nəzarət tədbirlərinə baxmayaraq ticarət şəbəkəsındə hələ də lazımi keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verməyən, yararlılıq müddəti ötmüş və ya yararlılıq müddəti göstərilməmiş, mənşəyi məlum olmayan malların satılması halları müşahidə edilir və bu səbəbdən istehlakçılar mal alarkən diqqətli olmalıdır. Digər tərəfdən malın üzərində onun adı, istehsalçının adı və ünvanı, tərkibi, istehsal tarixi, saxlanma müddəti, saxlanma şərtləri və şəraiti, xalis çəkisi, qida dəyərliliyi, sağlamlıq üçün zəruri maddələrin normativ sənədlərin tələbləri ilə müqaisəli miqdarı, malın işlədilməsi və təhlükəsiz istifadə edilməsi üsulları və qaydaları, məhsulun hazırlanmasında istinad olunan standartın və digər normariv-texniki sənədin adı və nömrəsi, məcburi sertifikatlaşdırılmalı mallar üçün "AZS" milli uyğunluq nişanı, sertifikatlaşma barədə qeyd və s. məlumatlar öz əksini tapmalıdır. Məlumdur ki, malın saxlanma şəraiti onun keyfiyyətinə və təhlükəsizliyinə bilavasitə təsir edən amillərdəndir. Malların ticarət obyektində saxlanma şəraiti və rejimi qanunvericiliklə müəyyən edilmiş qaydalar və tələblərlə tənzimlənir. Həmin qaydalara görə, hazır məhsullar ticarət obyektində malların uyğunlaşma prinsipinə və temperatur rejiminə düzgün əməl etməklə çeşidlər üzrə və partiya nömrələri nəzərə alınaraq yığılmalıdır. Qabı xarab olmuş, cırılmış, istehsal tarixi, partiya nömrəsi yazılmayan, etiketsiz məhsulları realizə ediləcək məhsullarla bir yerdə saxlanıla bilməz. Təbii olaraq, məhsulların saxlanması zamanı temperatur rejiminə riayət edilmədikdə onların xarici görünüşü, rəngi, iyi, dadı və s. orqanoleptik əlamətləri və fiziki-kimyəvi tərkibi dəyişə və ya məhsullar müxtəlif bakteriyalara yoluxa bilir. Odur ki, hər bir istehlakçı mal alarkən ilk növbədə onun xarici görünüşündə, rəngində, iyində, dadında və s. əlamətlərində hər hansı bir dəyişikliyin olub-olmamasına diqqət yetirməlidir. Əgər malın qabında əziklər, batıqlar, kəsiklər, şişmə müşahidə edilərsə, özünəxas rəngində, iyində, dadında dəyişiklik hiss olunarsa, bu cür malları almaq olmaz.
Mal qonşuluğu prinsipinin pozulması
İstehlakçılar bilməlidir ki, saxlama və temperatur rejiminə əməl edilməməsi, mal qonşuluğu prinsipinin pozulması və s. kimi halların geniş vüsət alması həmin malların keyfiyyətsiz və zəruri tələblərə cavab verməməsinin göstəricisidir. Ona görə də bu problemlərin aradan qaldırılması ücün zəruri tələblərə cavab verməyən ticarət obyektlərindən mal almamaq ən doğru qərar hesab oluna bilər. Ümumiyyətlə nəzərə alınmalıdır ki, ticarət obyektləri ən müasir soyuducu, dondurucu, ticari və anbarlama avadanlıqları, malların yığılma və saxlanması üçün müasir texnoloji yeniliklərlə təchiz olunmalıdır. Məhsulların keyfiyyətli saxlama zəmanəti olmalı, keyfiyyətə ciddi nəzarət edilməli, saxlama, emal və satışın sanitar və gigiyenik normalarına ciddi nəzarət edilməli, yararlılıq müddəti keçməkdə olan malların satışına dair vaxtında tədbirlər görülməlidir. Məsələn, mövsümlə əlaqədar olaraq balıq məhsulları, xüsusilə dondurulmuş balıq ən çox istehlak olunan qida məhsullardan biridir. Ticarət və ictimai iaşə obyektlərində dondurulmuş balıq soyuducu kameralarda -5 və -60C temperaturda 14 günə qədər, soyuducusuz 1 gün, 00C temperaturda isə 2-3 gün saxlanıla bilər. Uzun müddət saxlanılan donmuş balıqda mürəkkəb fiziki və biokimyəvi proseslər baş verə bilir ki, bu da onun keyfiyyətinə öz təsirini göstərir. Texnoloji proseslərə, saxlanma rejiminə və s. düzgün əməl edilmədikdə konservləşdirilmiş məhsullarda da keyfiyyət dəyişikliyi baş verə bilir. Ona görə də həmin məhsulları da alarkən istehlakçıları diqqətli olmalıdır. Bu kimi malların qabında pas ləkələri, zədələnmələr müşahidə olunursa bu artıq ilk baxışdan həmin məhsulun keyfiyyətsiz olduğunu göstərir. Malın qeyd olunan əlamətlərində hər hansı dəyişiklik müşahidə etsəniz onu almaqdan çəkinmək və onun etiketlənməsinə fikir verilməlidir. İstehlakçı malın üzərində yuxarıda qeyd etdiyimiz məlumatların göstərilməsinə və saxlanma müddətinin ötmədiyinə xüsusi diqqət yetirməlidir.
Alim