Elman Rüstəmovdan xoş xəbər: “Növbəti devalvasiya olmayacaq”

“Bu barədə yayılan şayiələrin əsası yoxdur”

Azərbaycan "üzən məzənnəyə" keçdikdən sonra ölkənin pul-kredit siyasətində bir sıra dəyişikliklər baş verib. Xüsusən, manatın devalvasiyası bir sıra bankların fəaliyyətinə ciddi təsir göstərib ki, nəticədə onların lisenziyasının geri alınması zərurəti yaranıb. Mərkəzi Bank tərəfindən manatın məzənnəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlara baxmayaraq yaxın gələcəkdə manatın yenidən devalvasiyaya uğrayacağı barədə fikirlər səsləndirilməkdədir. Bu və digər məsələlərə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov aydınlıq gətirib. E. Rüstəmov bildirib ki, bank sektorunda konsolidasiya prosesi artıq yekunlaşıb: "Altı bankın lisenziyası ləğv olunub. Sistemdən zəif banklar uzaqlaşdırılıb. Bunun nəticəsində bank sektorunun dayanıqlığı yüksəlib. Yalnız "AGBank" kapitallaşma ilə bağlı problemi həll etmək üzrədir. Güman edirəm ki, indiki mərhələdə konsolidasiya prosesini yekunlaşdırmışıq". Elman Rüstəmov Novruz bayramı ərəfəsində devalvasiya olacağı barədə yayılan xəbərlərə də münasibət bildirib. E. Rüstəmov deyib ki, bu barədə yayılan şayiələrin əsası yoxdur: "Görürsünüz ki, son zamanlar Azərbaycan manatı xarici valyutalar qarşısında möhkəmlənir. Digər tərəfdən, neftin qiyməti ilə bağlı dövlət büdcəsinə yenidən baxıldı. Həmçinin, müşahidə edirik ki, son zamanlar neftin qiyməti yüksək olmasa da, stabil qalıb. Ölkənin xarici ticarət balansı ilə bağlı vəziyyət də inkişafa doğru gedir. "Üzən məzənnə"yə keçiddən sonra manatın kursunda problem müşahidə olunmur. Bütün bunlar onu deməyə əsas verir ki, növbəti devalvasiya ilə bağlı deyilənlərin heç bir əsası yoxdur". Baş bankir əmanətlərin sığortalanması ilə bağlı səslənən fikirlərə də aydınlıq gətirib. Qeyd edib ki, Əmanətlərin Sığortalanması Fondunun vəsaitləri tükəndiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulduğu qaydada Mərkəzi Bank Fonda lazımi həcmdə vəsait verəcək: "Burada heç bir qorxulu şey yoxdur. Ləğv olunmuş bankların əmanətçilərinə kompensasiyaların verilməsi prosesi davam edir. Fondun qiymətli kağızları var idi, o kağızlar da satıldı, əvəzində müəyyən həcmdə vəsait cəlb olundu. Orada kəsir çox da böyük deyil. Mərkəzi Bank artıq o vəsaitlərin Əmanətlərin Sığortalanması Fonduna verilməsi ilə bağlı Fondla danışıqlar aparır. Bu, hər iki qurum arasında olan ilk əqd olacaq. Düşünmürəm ki, uçot dərəcəsindən yuxarı faiz dərəcəsi olacaq". E. Rüstəmov xüsusilə qeyd edib ki, ipoteka kreditləri üzrə məbləğin artırılması gözlənilir, faiz dərəcəsinin aşağı salınması isə yeni yaradılan "Azərbaycan İpoteka Fondu" ASC-nin səlahiyyətində olacaq. Baş bankirin sözlərinə görə, sosial ipoteka üzrə faiz dərəcələrində heç bir dəyişiklik olmayacaq: "Kommersiya ipotekasına gəlincə isə, faiz dərəcəsi müzakirə mövzusudur. Bazarda yeni reallıqlar var. Bu reallıqlara uyğun olaraq, qərar qəbul olunacaq. Yeni yaradılacaq "Azərbaycan İpoteka Fondu" ASC dövlətdən, dövlət büdcəsindən vəsait gözləməməlidir. Fondun özü qiymətli kağızlarını buraxmaqla, bazardan vəsait cəlb edə, qiymətli kağızlara xarici investorların marağını artıra bilər. Bu, Mərkəzi Bankın mövqeyidir. Belə olduğu halda, daha çevik faiz siyasəti həyata keçiriləcək. Bilirsiniz ki, ilkin olaraq sosial ipoteka üçün dövlət büdcəsindən Fonda 50 milyon manat ayrılacaq. Bazardan da əlavə vəsait cəlb olunacaq. Hesab edirəm ki, Mərkəzi Bank da özünün məqsədlərinə müvafiq olaraq, ölkədə iqtisadi stabilliyi təmin etmək üçün bu proqramda iştirak edəcək". Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması məsələsinə toxunan E.Rüstəmov qeyd edb ki, sözügedən palatanın yaradılmasından sonra kommersiya banklarının likvidlik probleminin həllinə yönələn kömək funksiyası Mərkəzi Bankda saxlanılacaq: "Palatanın yaradılması Mərkəzi Bankı maliyyə sabitliyi məsələlərindən kənarda qoymur. Sadəcə olaraq Maliyyə Bazarlarına Nəzarət Palatası ilə Mərkəzi Bank öz funksiyaları çərçivəsində bu istiqamətdə effektiv əməkdaşlıq edəcəklər. Palata öz öhdəsinə düşən funksiyaları yerinə yetirəcək. Bütövlükdə, ölkədə pul siyasətini həyata keçirən orqan kimi Mərkəzi Bank qanunvericilikdə nəzərdə tutulmuş çərçivədə məsuliyyət daşıyacaq".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31