“Hökumət qarşısında duran əsas vəzifə....”

Samir Əliyev: “İqtisadiyyatın dollarlaşmasını səngitmək və valyuta kreditləşməsinin payının azaldılması istiqamətində səyləri gücləndirməkdir”

"Bunun üçün iqtisadi alətlərlə yanaşı inzibati mexanizmlərdən istifadə edilə bilər"

Ötən ilin dekabr ayında baş verən ikinci devalvasiya ölkənin maliyyə və bank sektoruna təsirsiz ötüşmədi. Banklar yaranmış vəziyyətdən daha az ziyanla çıxmaq üçün özlərinə sərf edən siyasət həyata keçirməyə başladılar. Belə ki, əhaliyə devalvasiyadan əvvəl verdikləri kreditlərin geri qaytarılması prosedurunda dolların yeni məzənnəsi əsas götürüldü ki, bu da haqlı narazılığa gətirib çıxardı. Nəticə etibarilə bank sektorunda islahatların aparılması zərurəti ortaya çıxdı. Artıq bir müddətdir ki, Azərbaycan hökumətinin həyata keçirdiyi antiböhran tədbirləri çərçivəsində bir neçə bank öz fəaliyyətini dayandırıb, bəziləri isə partnyor banklarla birləşməyə üstünlük verib. Həyata keçirilən tədbirlər fonunda Azərbaycanda xarici valyuta ilə kreditlərin verilməsi məsələsi də yenidən aktuallaşıb. Bəs görəsən ölkədə xarici valyuta ilə kreditlərin verilməsini qadağan etmək lazımdırmı? Ümumiyyətlə, bu addım nə qədər səmərəli ola bilər?

***

İqtisadçı ekspert Samir Əliyev deyir ki, bu suala birmənalı cavab vermək bir qədər çətindir. Onun sözlərinə görə, ortada vətəndaşların, bankların və ölkə iqtisadiyyatının mənafeyinə təsir edəcək bir durum mövcuddur: " Məsələyə ancaq mövcud problemin həlli kontekstində baxmaq olmaz. Problem həm dərindir, həm də təcili həll tələb edir. Hər bir halda hökumət qarşısında duran əsas vəzifə iqtisadiyyatın dollarlaşmasını səngitmək və valyuta kreditləşməsinin payının azaldılması istiqamətində səyləri gücləndirməkdir. Bunun üçün iqtisadi alətlərlə yanaşı inzibati mexanizmlərdən istifadə edilə bilər. Ancaq bu metodlar yalnız qadağalara köklənməməlidir, daha yumşaq formada seçilməlidir. Yəni müəyyən məhdudiyyətlərə əsaslanmalıdır". Samir Əliyev bildirib ki, xarici valyutada kreditlərin verilməsinin qadağan edilməsi ideyası müştərilər üçün cəlbedici olsa da ümumilikdə çıxış yolu deyil və bankların fəaliyyətində problemlər yarada bilər: "Ona görə də hökumət qadağa tətbiq etməzdən öncə mümkün məhdudiyyət imkanlarını nəzərdən keçirməlidir. Məhdudlaşdırıcı tədbirlər isə bunlar ola bilər. Birincisi, xarici valyutada gəlirləri olmayan müştərilərə valyuta kreditlərinin verilməsinin müvəqqəti qadağan edilməsi. Bu qadağa daimi yox, müvəqqəti olmalıdır. Yəni vəziyyətdən asılı olaraq 1-3 il müddəti əhatə edə bilər. İkincisi, fiziki və hüquqi şəxslərdən cəlb edilmiş və xarici valyutada olan vəsaitlər üzrə məcburi ehtiyat normasının 0,5 faizdən 5 faizə qaldırılması təmin olunmalıdır. Üçüncüsü xarici valyutada kredit verilməsinə qadağa ancaq ipoteka kreditlərinə şamil edilməlidir". İqtisadçı hesab edir ki,

risk dərəcəsi üzrə ölçülmüş aktivlərin hesablanmasında xarici valyutada verilmiş istehlak kreditləri üzrə daha yüksək əmsalın tətbiqi (bu əmsal 2 dəfə artırıla bilər) və bununla da kapitala tələbatı artırmaq, ölkə daxilində istifadə edilən kredit kartları üçün ancaq milli valyutada kreditlərin ayrılması da mümkündür: "Bundan başqa aktivlərin təsnifləşdirilməsi zamanı xarici valyutada olan aktivlər üzrə keyfiyyət meyarlarının sərtləşdirilməsi lazımdır. Milli valyutada olan kreditlərin faiz dərəcələrinə Mərkəzi Bankın tətbiq etdiyi yuxarı hədd götürülür. (hazırda istehlak kreditləri üzrə 29 faiz, mikrokreditlər üzrə 25 faizdir). Əvəzində xarici valyutada olan kreditlər üzrə daha da endirilir. Bu hədd mikrokreditlər üçün 17-18 faiz, istehlak kreditləri üçün 20 faiz ola bilər". Samir Əliyev bildirib ki, məhdudlaşdırıcı tədbirlərin tətbiqi zamanı xüsusi halların nəzərə alınması vacibdir. Onun sözlərinə görə, xüsusilə də ixracatçı şirkətləri və xarici valyutada gəlirləri olan şəxslər fərqləndirilməlidir: "Bundan başqa hansısa məhdudiyyəti tətbiq etməzdən öncə Mərkəzi Bank bankları və digər kredit qurumlarını zəruri manat vəsaiti ilə təmin etməlidir. Hər bir halda addımlar kompleks şəkildə atılmalıdır. Ayrı-ayrı addımların atılması problemi nəinki həll edə bilməz, hətta daha da dərinləşdirə bilər. Mərkəzi Bank prosesə hərtərəfli yanaşmalı, milli valyutanın sabitiyini təmin edəcək addımlara üstünlük verməlidir".

Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31