Yunanıstanda kubok oyunları dayandırıldı

Yunanıstan Kubokunun oyunları təxirə salınıb. Qol.az bildirir ki, bu barədə Yunanıstanın idman naziri Stavros Kontonis məlumat verib. O bildirib ki, ölkə kubokunda PAOK və "Olimpiakos" arasındakı yarımfinal matçında azarkeşlərin hərəkəti səbəbindən bu qərar verilib.  Nazirin sözlərinə görə, qadağa yeni qəraradək qüvvədə olacaq. S.Kontonis onu da qeyd edib ki, əvvəlcə ölkədə bütün futbol oyunlarını təxirə salmaq istəyiblər. Ancaq daha sonra təkcə kubok oyunlarının dayandırılmasını qərara alıblar.

Qeyd edək ki, PAOK - "Olimpiakos" qarşılaşması 86-cı dəqiqədə qonaqlar 2:1 hesabı ilə öndə olduqları vaxt yarımçıq qalıb. Baş hakim meydan sahiblərinin futbolçusu Robert Makın rəqibin cərimə meydançasında yerə yıxılmasını penalti kimi dəyərləndirməyib. Bundan sonra qərardan narazı fanatlar meydana girib və qarışıqlıq yaradıblar. Onları yalnız polisin köməyilə meydandan çıxarmaq mümkün olub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31