Azərbaycan yığmasının baş məşqçisi Hindistandan təklif alıb
4 Fevral 2015 19:32 İdman19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Nikolay Adam Hindistan Futbol Federasiyasından təklif alıb. Bu barədə Trend AFFA-ya istinadən məlumat verir. Təklifə əsasən, N.Adam bu il aprelin 1-dən 2017-ci il dekabrın sonuna qədər bu ölkədə çalışacaq. 2017-ci ildə Hindistanda 17 yaşadək futbolçulardan ibarət komandalar arasında dünya çempionatının final mərhələsi təşkil olunacaq. Təşkilatçı ölkə statusu ilə Hindistanın müvafiq yaş qrupuna aid yığması turnirdə iştirak edəcək. N.Adam Hindistanın hazırkı U-15 yığmasına rəhbərlik edərək bu komandanı 2 il sonra iştirak edəcəyi dünya çempionatına hazırlaşdıracaq. N.Adam bildirib ki, hazırda bütün diqqətini Avropa çempionatının elit-raundunda çıxış edəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının oyunlarına yönəldib və komanda AÇ-nin final mərhələsinə vəsiqə qazanacağı təqdirdə, baş məşqçi olaraq fəaliyyətini davam etdirəcək. Xatırladaq ki, elit-raundda yığmamızın mübarizə aparacağı 7-ci qrupun oyunları martın 26-dan 31-dək Fransada keçiriləcək.