Vaqif Xaçatryan, Gevorg Sujyan, David Davtyan və Viken Eulcekcian Ermənistana təhvil verildi
20:13 HadisəAzərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər - Xaçatryan Vaqif Çerkezi, Sujyan Gevorg Rubenoviç, Davtyan David Tiqrani və Eulcekcian Viken Abraham Ermənistana təhvil verilib.
Bu şəxslərin təhvil verilməsini Azərbaycan və Ermənistan arasında uğurla davam edən sülh prosesinin nəticəsi kimi qiymətləndirmək olar.
Təhvil verilən şəxslərin Azərbaycanda saxlanıldıqları müddətdə hüquqları tam təmin olunub, səhhətləri və saxlanma şəraitləri beynəlxalq standartlara cavab verib. Məhkumlar, həmçinin, Ermənistana göndərilməzdən əvvəl tibbi müayinədən keçirilib və səhhətlərinin normal olması müəyyən edilib.
Onların sırasında səhhəti qənaətbəxş olmayan Vaqif Xaçatryana bütün zəruri tibbi yardım göstərilib və daim həkim müayinəsi altında olub.
Qeyd edək ki, Vaqif Xaçaturyan qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilib. O, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 15 il müddətə azadlıqdan məhrum edilmişdi.
Viken Eulcekcian Qarabağ müharibəsində Ermənistan ordusunun tərkibində döyüşmüş livanlı muzdlu terrorçudur. O, 20 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Davit Davityan və Gevorg Sujyan casusluqda ittiham olunan Ermənistan vətəndaşlarıdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, hər biri 15 il müddətinə azadlıqdan məhrum edilmişdi.