Avtobus qəzasında ölənlərin kimliyi bilindi - ADLAR

İyunun 6-da saat 10 radələrində Y.Bağırovun idarə etdiyi "Mercedes" markalı mikroavtobus Cəlilabad rayonunun Sadatlı kəndi ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.

Olaylar.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-in sorğusuna cavab olaraq bildirilib.

Nəticədə mikroavtobusda olan sərnişinlərdən Səbiyə Kazımova və Kəmalə Şükürova ölüb, bir neçə sərnişin isə müxtəlif bədən xəsarətləri alıb.

Araşdırma aparılır.

Qeyd edək ki, TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, rayonun Sadatlı kəndi ərazisində içərisində sərnişinlərin olduğu avtobusun qəzaya düşməsi səbəbilə xəsarət alan 9 nəfər (8 nəfəri qadın, 1 nəfəri kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub. Onlara müxtəlif bədən nahiyyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Hazırda xəsarət alanlardan 3 nəfərin vəziyyəti orta ağır, 6 nəfərin vəziyyəti stabil olaraq qiymətləndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31