İranda edamların artması proseslərə necə təsir göstərəcək? - ÖZƏL
15 Dekabr 2022 10:56 Güney
"İranda üç aya yaxındır gedən proses gərgin olaraq davam edir və bu gərgin aksiyalar fonunda deyə bilərik ki, mövcud rejim geri addım atmaq istəmir və hətta deyərdim ki, bunu daha da şiddətləndirməyə çalışır".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib:
"Doğrudur, əvvəl hicab məsələsində və yaxud da əxlaq polisi məsələsində güzəştə getməklə bağlı fikirlər səsləndirmişdilər. Amma bu məsələnin axırına qədər getmədilər. Görünən ondan ibarətdir ki, rejim artıq başa düşür ki, bir az da geri çəkilsələr, bu artıq rejimin yıxılmasıdır. Çünki rejimin dayağı əlbəttə ki, mollalardır, mollalar hakimiyyətidir. Ona görə də, hesab edirəm ki, belə hərəkətlərin edilməsi, yəni edamlara baş vurulması əslində mövcud rejimin əvvəlki taktikalarından biridir. Çünki bu proses 2005, 2009, 2012-ci illərdə də baş verib. Amma daha çox olanı 2009-cu ildə baş verəni idi. Səhv etmirəmsə, onda 1500-ə yaxın etiraz aksiyasında iştirak edən şəxsi edam etmişdilər. Elə bilirlər ki, bu dəfə də mümkün olacaq. Amma keçən dəfəki ilə bu dəfəkinin arasında fərq ondan ibarətdir ki, keçən dəfə iştirak aksiyasında iştirak edənlər bütün etnik qrupları təmsil etmirdilər və bu etnik qrupları təmsil etməmək əslində onlara şərait yaradırdı. Amma indi bütün ölkə ərazisini əhatə edən bir etiraz aksiyası olduğu üçün və demək olar ki, irili-xırdalı bütün təbəqələr burada iştirak etdiyi üçün həmin etiraz aksiyalarının qarşısını almaq çox çətin məsələyə çevrilib. Hətta deyərdim ki, indi artıq 10-dan yuxarı edam hökmü verilib və 500-ə yaxın dinc sakin güllələnmə nəticəsində həyatını itirib, 20000-dən yuxarı insan da zindanlara salınıb, amma buna baxmayaraq, yenə də etiraz aksiyaları davam edir və demək olar ki, bütün ölkəni bürüyür. Doğrudur, əsas aksiyalar, yəni basdırılan edamlar Sistan Xurdistan ərazisindədir, hələ ki, Cənubi Azərbaycan ərazilərinə keçməyib. Hətta bir yerdən üç qardaşın edam edilməsi ilə bağlı xəbərlər artıq yayıldı. Bütün bunlar onu göstərir ki, deməli molla rejimi artıq öz sütunlarını itirməyə doğru gedir. Əlbəttə ki, belə proses bu cür davam edərsə, deyək ki, bundan sonra bir neçə ay da belə gərgin davam edərsə, artıq bu rejimin çökməsini sürətləndirəcək və bəlkə də onun axırına çıxa bilər. Amma indiki halda düşünürəm ki, tam şəkildə rejimin yıxılması mümkün deyil. Çünki mollalar ölkədə elə bir ideoloji sistem qurublar ki, İranda etiraz aksiyalarına çıxanları "Allaha qarşı çıxıb" deyib edam edirlər. O baxımdan düşünürəm ki, biz uzunmüddətli etiraz aksiyalarını görəriksə, bu etiraz aksiyaları fonunda mövcud rejimin çökməsinə gətirib çıxaracaq".