Rejim son 43 il ərzində ilk dəfə geri addım atmış olacaq - ÖZƏL
6 Dekabr 2022 11:57 Güney"İranda etirazlar bir qədər səngisə də, lakin aksiyalar zaman-zaman davam edir. Hazırda daha çox etirazlar mədəni itaətsizliklə həyata keçirilir". Bu fikirləri "OLAYLAR"-a əslən Güney Azərbaycanın Sulduz vilayətindən olan Rəhim Sulduzlu səsləndirib. O bildirib ki, mədəni itaətsizliyə əsasən sürücülər, ticarət adamları, mağaza sahibləri və s. qoşulur. Rəhim Sulduzlu onu da deyib ki, etirazlar səngiyərsə, rejim öz iyrənc üzünü bir daha göstərəcək: "Artıq rejimin həmin iyrənc üzünü bir daha görürük Qondarma məhkəmə qərarları ilə insanlar barədə edam qərarları çıxarıb onları ölümə məhkum edirlər. Bununla da bir növ xalqın gözünü qorxutmağa çalışır. İndiyə qədər bir xeyli şəxsə edam cəzası verilib. Təkcə Kərəc şəhərində 15 nəfər barəsində edam qərarı çıxarılıb. Bundan əvvəl də daha 21 nəfər barəsində edam qərarı verilmişdi". Rəhim Sulduzlu qeyd edib ki, Kərəc şəhərində edam olunanların əksəriyyəti Azərbaycan kökənlidir: "Çünki Kərəc şəhərinin 90 faizi azərbaycanlılardan ibarətdir".
Rəhim Sulduzlu onu da bildirib ki, dekabrın 7-də xalqın küçələrə çıxması üçün çağırış edilib: "Gedişat onu göstərir ki, rejim 43 ildə ilk dəfədir geri addım atır. Belə ki, hicabsızlığa qarşı mübarizə aparan əxlaq polisinin ləğv edildiyi barədə xəbər yayılıb. Hərçənd mən bu rejimin aldığı nəfəsə də inanmıram. Hər halda hər şey yaxın günlərdə bəlli olacaq. Əgər deyilənlər doğru olarsa, rejim son 43 il ərzində ilk dəfə geri addım atmış olacaq. Bu da onu deməyə əsas verir ki, xalq nə qədər meydanlarda olarsa, rejim də bir o qədər geri çəkilməyə məhkum olacaq".