İranın parçalanmaq risqi böyükdür - ÖZƏL

"Ötən həftə bizlər üçün çox əlamətdar hadisələrlə yadda qaldı. Xüsusi ilə Səmərqənddə, Türk Dövlətləri Təşkilatının doqquzuncu zirvə görüşünün keçirilməsi, gündəmin əsas mövzusu oldu. Zirvə Görüşündə, iştirakçı ölkə rəhbərlərinin qarşılıqlı əlaqələri bütün istiqamətlərdə inkişaf etdirməyin əhəmiyyətini vurğulaması, təşkilatın gələcək vizyonunun hansı aspektdə şəkillənəcəyini göstərmiş oldu. Xüsusilə ölkə başçımız, cənab İlham Əliyevin çıxışı zamanı türk dünyasının geniş bir coğrafiyanı əhatə etməsini, böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malik olmasını bildirməsi, bir-birimizin milli maraqlarını nəzərə alaraq qarşılıqlı dəstək və həmrəylik göstərməyi, siyasi , iqtisadi əlaqələrlə yanaşı təhlükəsizlik. müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı artırmağı deməsi, təşkilatın gələcəkdə hərbi blok halına gələcəyi ehtimalını qüvvətləndirir".

Bu fikirləri "OLAYLAR"-a səsləndirən  AVP sədrinin Beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyib ki, bu möhtəşəm tədbirdən sonra, Türkiyənin İstanbul şəhərində xain terror aktının törədilməsi, bizlərdə haqlı olaraq bir çox sualların yaranmasına səbəb oldu: "Türk Dövlətləri Təşkilatının əhatə dairəsini genişlətməsindən, nüfuzunu artırmasından narahat olan qüvvələr bu terror aktını törətməklə Türkiyəyə və təşkilat üzvlərinə mesaj ünvanlamaq niyyətimi güdür? Regionda baş verən proseslər, dəyişən geosiyasi reallıqlar bizlərin maraqları ilə üst-üstə düşsə də, digər güclərin, xüsusi ilə region dövlətləri olan İran və Rusiyanın maraqları ilə tərs mütənasiblik təşkil edir. Rusiya Qafqazda və Orta Asiyada güc itirməsindən, Türkiyənin bu regionlarda nüfuzunu artırmasından və qardaş ölkənin etap-etap Kremli bu regionlardan sıxışdırıb çıxartmasından ciddi narahatlıq duyur". AVP rəsmisi hesab edir ki, həmçinin Kremlin ehtiyat etdiyi digər məqamlardan biri, Rusiyanın tərkibində yaşayan Türk xalqlarının bu təşkilatdan təsirlənərək müstəqillik meyllərinin artmasından çəkinməsidir: "Eyni ilə İran da  regionda türk varlığının artmasından narahatdır. Tehran,  cərayan edən proseslərdən və gedişatdan çox narahatdır. Çünki İranda ciddi sayda Azərbaycan türkü nüfuzu var və hazırda baş verən ixtişaşlardan dolayı İranın parçalanmaq risqi çox böyükdür. Məhz bu reallıq farsların ən çox çəkindiyi bir nüansdır. Bu səbəblə Tehran hər vəclə Zəngəzur dəhlizinin açılmasına,  bu yoldan istifadə edərək Türk dövlətlərinin kəsintisiz əlaqə qurmasına mane olmağa çalışır. Həmçinin Rusiyada bu işdə maraqlıdır.  Bütün bu faktları nəzərə alaraq hadisənin  pərdə arxası məqamlarında, İran və Rusiyanın olması ehtimalını artırır. Digər bir nüans isə,  zirvə görüşü zamanı Şimali Kipr Türk Cumhurriyyətinin  təşkilatda müşahitəçi statusu əldə etməsi oldu.  Xüsusi ilə Avropada bu məsələ birmənalı qarşılanmadı, ciddi ajotaj və səs-küyə səbəb oldu. Avropa, Şimali Kipr Türk Cumhurriyyətinin müstəqil dövlət kimi tanınmasını  istəmir və Lefkoşanı müstəqil dövlət kimi tanıtmaq adımmları atan Türkiyəyə qarşı ciddi təyziqlər edir. Bu minvalla baş verən terror aktının ardında Avropanın əlinin olması istisna deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31