İran ölkədəki ayaqlanmaları "yatızdırmaq" üçün ən vəhşi addımları atır - ÖZƏL
11 Noyabr 2022 13:17 Güney"İranda və Azərbaycanın güneyində gedən proseslər müsbətə doğru gedir".
Bu sözləri Olaylar.az-a açıqlamasında Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyası ilə əlaqələr üzrə müavini, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, türkoloq-alim, dosent, fəlsəfə doktoru Faiq Ələkbərli deyib.
"Artıq əvvəlki dönəmlərdə baş verən bir çox ayaqlanmalardan fərqli olaraq bu daha çox ciddi mesajlardır. Azərbaycanın güneyində artıq istiqlal şüarı daha çox, daha güclü şəkildə öz yerini tapır. Məsələn, əvvəllər daha çox milli mədəni muxtariyyət və yaxud da federalizm ideyasından çıxış edirdilər. Amma bu son hadisələrdə Təbrizdə, Urmuda, Ərdəbildə, Soyuqbulaqda və digər yerlərdə olan etiraz aksiyalarında səsləndirilən "ədalət", "azadlıq", "milli hökumət" şüarları da göstərir ki, soydaşlarımızın istiqlaldan yanadırlar. İranın fars şovinist rejimi isə əlindən gəldiyi qədər nəinki Azərbaycanın güneyində, hətta bütün ölkədəki ayaqlanmaları "yatızdırmaq" üçün ən vəhşi addımları atır. Bildiyimiz kimi, təxminən 15000 və ondan çox insanın qətlinə də fərman verib. Əslində bu addımın özü də molla-fars rejiminin sonunu yaxınlaşdırır. Yəni, əgər o insanlar edam olunacaqlarsa, bu edamlar əslində molla rejiminin də sonunu yaxınlaşdıracaq. Hətta indi istər Səudiyyə Ərəbistanına, istər Azərbaycana müəyyən hədələr də yağdıracaqlar. Amma bunların heç birinin nəticəsi olmayacaq. Onlar Azərbaycanın Tehrandakı səfirini çağırıb İran əleyhinə hər hansısa təbliğatın Quzey Azərbaycanda son qoyulmasını tələb edirlər. Əslində onlar özləri doğru yola gəlməlidirlər. Onsuz da gəlməyəcəklər. İstər daxildəki irqçi siyasət, istər Ermənistanla əməkdaşlıq etmələri molla rejiminin sonunu yaxınlaşdırır. Biz də bu proseslərin sonunu Bütöv Azərbaycan Ocaqları olaraq Azərbaycanımızın güneyinin istiqlala qovuşacağı və daha sonra digər bölgələrdə yaşayan türklərlə yeni bir dövlət quruculuğuna başlayacaqlarına inanırıq. BAO-nun əsas hədəfi də budur ki, Azərbaycanın güneyində də milli bir dövlət yaransın və inşallah gələcəkdə iki Azərbaycan vahid bir dövlət şəklində birləşsin".