Proseslər bir gün İranın parçalanması, dağılması, məhv olması ilə yekunlaşacaq- ÖZƏL

"Təəssüf ki, 2 ay yaxın müddət ərzində İranda xalq narazılıqları genişlənən istiqamətdə davam edir və mövcud İran rejimi xalqın bu haqlı narazılığını dinləmək, xalqı, nümayişçiləri narazı salan məqamları aradan qaldırmaq əvəzinə, nümayişçilərə çox ciddi zor tətbiq etməklə prosesi sakitləşdirməyə, etiraz dalğalarını yatırmağa çalışır".

Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Anar Əliyev bildirib.

"Mən İran rejiminin həm nümayişçilərə, həm bölgə dövlətlərinə münasibəti ilə bağlı fikirlərimi bildirmək istəyirəm. Hesab edirəm ki, İran dövləti öz daxili narazılıqlarını, əhalinin üzləşdiyi ciddi sosial-iqtisadi problemləri düşünmək, bu problemləri aradan qaldırmaq əvəzinə geniş xalqlar həbsxanasına çevirdiyi dövlətdə xalqara, ayrı-ayrı insanlara, fərdlərə geniş hüquqlar vermək, milli-mənəvi, dini dəyərlərimizə əsaslanan idarəetmə tətbiq etmək əvəzinə, qonşu dövlətlərin daxili işlərinə müdaxilə etmək, bir çox bölgələrdə terrorçu qruplar formalaşdırmaq və bu terrorçu qruplar vasitəsilə həmin dövlətlərin daxili siyasətlərinə müdaxilə etmək iddiasındadır və bu istiqamətdə addımlar atır.

Bu istiqamətdəki addımlardan biri də Cənubi Qafqazdakı proseslərin öz məntiqi axarı ilə davam etməsinə maneçilik törətməyə əsaslanıb. Məhz İranın əsassız beynəlxalq hüququn norma və prinsiplərinə zidd mehriban qonşuluq, yüzilliklərə dayanan milli-mənəvi, tarixi, dini əlaqələrimizə, həmrəyliyimizə zidd olan yanaşmasının nəticəsidir ki, Ermənistan bu gün Azərbaycanla sülh proseslərini mümkün qədər uzatmağa çalışır. Məhz İranın beynəlxalq hüququn norma və prinsiplərinə zidd davranışlarının nəticəsidir ki, Azərbaycanın Qarabağ bölgəsində separatçı qüvvələr özlərini daha rahat hiss edirlər və separatizmin davam etdirilməsi istiqamətində addımlar atılır.

Eyni zamanda, mən hesab edirəm ki, İranın sərgilədiyi bir çox qanunsuz addımlar, xüsusilə də, Azərbaycan daxilində terrorçu qüvvələrin maliyyələşdirilməsi ilə bağlı çirkli pulların yuyulması istiqamətində atılan addımlar, eyni zamanda, Azərbaycanla sərhəddə keçirdiyi heç bir əsası olmayan təlimlər, Azərbaycana zor güc nümayişinə əsaslanan addımlar, İran molla rejiminin mahiyyətini ortaya çıxarır və heç də İranın bölgədə sülh, əmin-amanlıq istəmədiyini göstərir. 

Hesab edirəm ki, İran çox gözəl dərk edir ki, bölgədə güclənmiş böyük, qüdrətli Azərbaycan İran üçün hər zaman təhlükə mənbəyidir. Çünki İranda hesab edilir ki, Azərbaycan güclənərsə, ərazi bütövlüyünü, dövlət suverenliyini tam təmin edərsə, cənubdakı soydaşlarımızın İrandan ayrılaraq Azərbaycana birləşmə hərakatı başlaya bilər və bu prosesi İran özü üçün təhdid kimi qiymətləndirir. Amma İran unudur ki, Azərbaycan heç də terrorçu qüvvələrə qucaq açan İran kimi qonşuları ilə siyasət yeritmir. Azərbaycan daim qonşularına mehriban qonşuluq münasibəti sərgiləyib, heç bir dövlətə, eləcə də, İrana qarşı ərazi iddiamız mövcud deyil. Amma təbii ki, bizə qarşı haqsız davranışlara da Azərbaycan hər zaman özünün güclü iradəsini ortaya qoyub və bundan sonra da qoyacaqdır. Mən hesab edirəm ki, İran rejimi belə qanunsuz davranışlarını yığışdırıb, əksinə, ölkədaxili proseslərə daha çox diqqət ayırmalıdır. Kənarda, ölkə xaricində yüzmilyonlarla vəsait xərcləyib terrorçu qüvvələr saxlamaq əvəzinə, həmin vəsait hesabına İran vətəndaşlarının sosial rifahının yaxşılaşdırılmasına istiqamətlənməlidir. Məhz bunun nəticəsində İranda haqlı narazılıq edən insanların narazılığının qarşısını ala bilər. İnsanlara məhdudlaşdırdıqları hüquqlar geri verilməlidir. İnsanların sərbəst toplaşmaq, öz ana dillərində təhsil almaq hüquqları tanınmalıdır. İran nəhayət ki, xalqlar həbsxanasından çıxıb, normal inkişaf edən demokratik dəyərlərə əsaslanan bir dövlətə çevrilməyi bacarmalıdır və bunun da yeganə yol olduğunu İran rejimi qəbul etməlidir. Əks halda, bu davam edən proseslər bir gün İranın parçalanması, dağılması, məhv olması ilə yekunlaşacaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31