Almaniya Hərbi Hava Qüvvələri Qəzzaya humanitar yardım çatdırmağa başladı - ÖZƏL

Almaniya Federativ Respublikasının Silahlı Qüvvələri  Qəzza zolağında yaşayan sakinlərə humanitar yardımın hava yolu ilə çatdırılmasına başlayıb. Almaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr ilk mərhələdə ərzaq və dərman vasitələri ilə dolu paletləri havadan bölgəyə endirib.
Olaylar.az xəbər verir ki,  Almaniya Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinin yaydığı birgə bəyanatda deyilir: "Almaniya Bundesverlə birlikdə Qəzza zolağında mülki əhaliyə dəstəyini davam etdirir və bu məqsədlə humanitar yardımı havadan çatdırır. Bu gün həyata keçirilmiş ilk iki uçuş zamanı İordaniyanın Haşimilərə məxsus xeyriyyə təşkilatı (JHCO) tərəfindən təmin edilmiş təxminən 14 ton ağırlığında 34 palet fövqəladə dərəcədə vacib ərzaq və tibbi materiallar havadan endirilib".
Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, hazırda Qəzza bölgəsində ərzaq və dərman qıtlığı kəskin şəkildə hiss olunur: "Buna görə də mən kansler [Friedrix Merts] və xarici işlər naziri [Yoxann Vadeful] ilə birlikdə Qəzza üzərində hava ilə humanitar yardımın endirilməsi qərarını verdik. Bu üsulu 2024-cü ildə də tətbiq etmişdik". O, əlavə edib ki, İsrail hökuməti humanitar yardımların bölgəyə çatdırılmasını təmin etməlidir: "Biz tərəfdaşlarımızla birlikdə ehtiyac içində olanlara genişmiqyaslı humanitar yardım və ərzaq çatdırılmasını təmin etməliyik".
Almaniyanın xarici işlər naziri Yoxann Vadəful isə bildirib ki, havadan yardım göndərilməsi ehtiyacı olanlara tez yardım çatdırmaq üçün əlavə bir üsuldur: "Eyni zamanda biz BMT-nin təcrübəli təşkilatlarının iştirakı ilə mövcud quru humanitar marşrutunun bərpası üzərində intensiv işləməyə davam edirik, çünki havadan atılan yardımlar bu yolu əvəz edə bilməz. Bir məsələ aydındır: yalnız quru yolu ilə humanitar yardım Qəzza sakinlərinə kifayət qədər miqdarda çatdırıla bilər". Nazir vurğulayıb ki, Almaniya tərəfi müzakirələr zamanı İsrail hökumətini BMT və digər beynəlxalq humanitar təşkilatlara təhlükəsiz giriş və yardımın paylanmasını təmin etməyə çağırır.
Qeyd edək ki, iyulun 28-də Almaniya kansleri Merts Almaniyanın İordaniya ilə əməkdaşlıq çərçivəsində Qəzza sakinlərinə humanitar yardım üçün "hava körpüsü" yaradacağını bəyan etmişdi. Mertsin sözlərinə görə, müdafiə naziri Pistorius bu prosesdə Fransa və Böyük Britaniya ilə sıx əməkdaşlıq edəcək. Hər iki ölkə də bölgəyə ərzaq və tibbi yardımın hava yolu ilə çatdırılmasına dəstək göstərməyə hazırdır. İyulun 29-da Merts əlavə edib ki, Almaniya artıq İordaniyaya iki hərbi-nəqliyyat təyyarəsi göndərib. Bu təyyarələr Qəzzaya havadan humanitar yardım missiyasında iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31