Aİ Ştatlarla ticarət razılaşmasına görə narazıdır: Konkretlik yoxdur, suallar çoxdur - ÖZƏL

Avropa İttifaqında ABŞ-lə ticarət danışıqları nəticəsində əldə olunan razılaşma ilə bağlı narazılıq artır. Olaylar.az xəbər verir ki, bu barədə Avropa nəşri Politico məlumat yayıb.
Almaniyalı avroparlamentar, Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin sədri Bernd Lange nəşrə bildirib ki, hazırkı razılaşma hələ də "əsl razılaşma" sayılmır: "Bizə aydınlıq lazımdır". Politico yazır ki, 27 iyulda razılaşmanın əldə olunduğu elan edilsə də, hələ də onun bir çox əsas detallarına dair qeyri-müəyyənlik qalır.
Avropa Ticarət və Sənaye Palataları Assosiasiyasının baş direktoru Ben Batters də qeyd edib ki, Brüssel hələlik milli ticarət palataları və assosiasiyaya daxil olan şirkətlərlə əlaqə saxlamır: "Hazırda Avropa Komissiyası üzvlərimizlə əlaqə saxlamır. Biz hələ də razılaşmanın detallarını gözləyirik. Görünür, razılaşdırılmış başlıqların praktikada nə demək olduğunu özləri də müəyyən etməyə çalışırlar". Buna baxmayaraq, o, bu razılaşmanın ABŞ-nin əvvəl təklif etdiyi 30 faizlik tariflərlə müqayisədə daha üstün olduğunu bildirib.
Qeyd edək ki, 27 iyulda Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ prezidenti Donald Tramp arasında əldə olunmuş razılaşmaya əsasən, 1 avqustdan etibarən ABŞ Avropa İttifaqından idxalın təxminən 75%-nə 15% gömrük rüsumu tətbiq edəcək. Bu, əvvəl planlaşdırılan 30%-lik tariflərlə müqayisədə daha yüngül hesab olunur. Əvəzində isə Aİ ABŞ-dan neft, qaz, nüvə texnologiyası və yanacaq alışına 750 milyard dollar ayıracaq, əlavə olaraq ABŞ iqtisadiyyatına 600 milyard dollarlıq sərmayə qoyacaq. Avropa İttifaqı həmçinin Rusiya enerji resurslarının bütün növlərinin idxalını tamamilə qadağan etməyi öhdəsinə götürüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31